1 İyun 2015 11:58
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 28-də Bakının Pirallahı rayonunda baş verən dəhşətli qətl hadisəsi ölüm cəzasının pərpasını yenidən gündəmə gətirib. 5 yaşlı Aişə Qələndərovanı zorladıqdan sonra öldürən 32 yaşlı Yakov Çernova verilə biləcək maksimum cəzanın - ömürlük həbsin törədilən əmələ adekvat olmadığını düşünənlər kifayət qədərdir.

Cinayət hadisəsinə ilk reaksiya hüquqşünas, deputat Fazil Mustafadan gəldi. O, 32 yaşlı qatilə ölüm cəzası verilməsini tələb edib: “İllərdir tələb edirəm ki, uşaqların və hamilə qadınların qəsdən öldürülməsinə görə ölüm hökmü bərpa olunmalıdır. Ancaq rəsmi qurumlar Avropa Şurası qarşısında öhdəliyi bəhanə edərək bu məsələdə bir qəti qərar vermək istəmirlər. Budur, Pirallahıda 5 yaşlı qıza təcavüz edərək öldürən 32 yaşlı qatilin indi cəzası nə olmalıdır? Bu məxluqun yaşamasının bir mənası qalırmı? Ömürlük həbs etsinlər və hər gün büdcədən qida da ayıraq ki, mədəsini doldursun, bunun zərərçəkmiş tərəf üçün hansı təsəllisi ola bilər ki? 5 yaşlı qızı, o mələk çocuğu bir sərxoşdan, bir manyakdan qoruya bilməyən bir cəmiyyətik, həqiqətən utancvericidir. Bir də verilən cavab bizim cəmiyyətdə əksər kriminal əməl daşıyıcalarına xarakterik cavabdır: ”içkili idim, maşınla adamı vurdum", “içkili idim, bıçaqladım, güllələdim, qumbara atdım”, “içmişdim və çəkmişdim gedib evi yandırdım”.

Canınız çıxsın içməyin, çəkməyin! Nəticəsini ki görürsünüz... Ailələrin görünməyən faciəsi əksər hallarda bu amillə bağlıdır. 5 yaşlı qız övladını qoruya bilməmənin günahını hamımız daşıyırıq".

Qeyd edək ki, Fazil Mustafa ötən il də Cəlilabadda baş verən qanlı qətl hadisə ilə əlaqədar olaraq ölüm hökmünün geri qaytarılması məsələsinin mütləq şəkildə cəmiyyətin müzakirəsinə çıxarılmasını tələb etmişdi. Amma parlament onun bu təşəbbüsünü dəstəkləməmişdi.

Keçmiş baş prokuror, millət vəkili İlyas İsmayılov Teleqraf.com-a açıqlamasında bildirib ki, ölüm cəzasının bərpa edilməsi çox çətindir: "Azərbaycan Avropa Şurasına üzv olanda üzərinə ölüm cəzasının ləğvilə bağlı öhdəlik götürüb: "Bu öhdəlikdən imtina etmək mümkün deyil. Azərbaycan ölüm cəzasını ləğv etmək istəyirsə, Avropa Şurası ilə danışıqlar aparmalıdır. Çox böyük ehtimalla danışıqlar nəticə verməyəcək. Çünki Avropa ölkələrinin heç birində ölüm cəzası yoxdur".

İ.İsmayılov onu da qeyd edtu ki, o, bəzi cinayət kateqoriyaları üzrə ölüm cəzasının təbiqinin tərəfdarı olub: "Azərbaycan hələ Avropa Şurasına üzv olmaq ərəfəsində mən ölüm cəzasının ləğvinin əleyhinə çıxmışdım. O zaman qeyd etmişdim ki, bəzi kateqoriyalar üzrə ölüm cəzasını saxlamaq lazımdır. Amma Avropa Şurasında bu kimi təkliflər keçmir. Ona görə də hesab edirəm ki, Azərbaycan mətbuatında mütəmadi olaraq müzakirəyə çıxarılan ölüm cəzasının bərpası məsələsi öz həllini tapmayacaq. Biz öhdəlikləri yerinə yetirməyə borcluyuq".

Azərbaycanda ölüm hökmü 1998-ci il fevralın 10-da ləğv olunub. Həmin tarixə qədər barələrində ölüm hökmü çıxarılmış 128 nəfərin isə hökmü dəyişdirilib. Avropa Birliyi ilə sıx əməkdaşlıq edən ölkələrdə ölüm hökmünün tətbiqi qəbuledilməz sayılır. Hazırda dünyanın 70-dən çox ölkəsində ölüm hökmü qüvvəsindədir. 25 ölkədə isə ölüm hökmü saxlanılsa da, faktiki tətbiq olunmur. Qonşu Türkiyədə bu cəza 2002-ci ildə qismən, 2006-cı ildə isə tamamilə ləğv edilib. Ölüm hökmünün saxlanıldığı ölkələr arasında Çin, İran, Pakistan, Səudiyyə Ərəbistanı, İraq, Vyetnamla yanaşı, ABŞ, Yaponiya, Sinqapur kimi inkişaf etmiş ölkələri də var.

Ayxan


Müəllif:

Oxşar xəbərlər