Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində pul üstündə qətl törətməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Yarəli Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə Yarəli Dadaşova hökm oxunub. Məhkəmənin hökmü ilə Yarəli Dadaşov 18 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Yarəli Dadaşov 2012-ci ildə mobil internet saytları hazırlayaraq satmaqla məşğul olan Röyal Nəcəfovla tanış olub. 2013-cü ildə özünün düzəltdiyi “wap.eleme.az” saytını ora qeydiyyatın çox olduğunu görüb Röyaldan geri almaq barədə razılığa gəlib. O, Röyala 400 manat pul verəcəyinə boyun olub.
Bir həftə möhlət istədi Yarəli Dadaşov “wap.master” parollarını götürməklə qeydiyyatdan keçənlərin çoxluğuna əmin olmaq üçün bir həftə möhlət istəyib. 4 gün sayta nəzarət edib, gündəlik 50-60 nəfərin qeydiyyatdan keçdiyini görüb, Röyal Nəcəfova zəng edərək saytın reytinqinin aşağı olduğunu, parolları geri qaytarmaq istədiyini bildirib. Röyal 20 gün sonra saytın parollarını alaraq başqasına satmasına baxmayaraq, Yarəlidən tez-tez vədələşdikləri 400 manatı tələb edib. Bu səbəbdən münasibətlər pozulub.
Sonuncu dəfə 23 oktyabr 2014-cü il tarixdə, saat 21 radələrində Yarəliyə zəng edən Röyal onunla sərt danışıb və görüşmək istədiyini bildirib. Onlar növbəti günə görüş təyin ediblər, bu zaman Yarəlinin yanında olan dostu Asim Bünyatzadə məsələ ilə maraqlanıb. Yarəli əhvalatı ona danışıb. Asim Bünyatzadənin təkidi ilə o, Röyal Nəcəfovla məsələyə aydınlıq gətirmək istəyib.
Yarəli təkrar Röyala zəng edərək onu Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivindəki “Kanal kənarı” adlanan əraziyə çağırıb. Saat 23.00-da vədələşdikləri yerə gələn tanışlara Röyal bildirib ki, “Göl” adlanan əraziyə gedərək, məsələni orada aydınlaşdırmaq istəyir. Gecə həmin əraziyə yola düşüblər. Yolda Asimlə Yarəli birləşib Röyal Nəcəfovu bıçaqlayaraq öldürüblər.
Yarəli Dadaşov Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 177.2.1-ci (oğurluq) maddələri ilə ittiham edilib.
Asim Bünyatzadə istintaq altında olduğu müddətdə Bakı İstintaq Təcridxanasında vəfat edib və onunla bağlı cinayət işinə xitam verilib.
Hacı Zeynalov