Şəki Apelyasiya Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Yevlax rayon sakini, 1984-cü il təvəllüdlü Qnyaz Bəkirovun məhkəməsi başlayıb.
Teleqraf.com xəbər verir ki, Qnyaz Bəkirov həmyerlisi, 21 yaşlı Asim Abdullayevi bıçaqlayaraq qətlə yetirib. Qnyaz həmin gün saat 23 radələrində Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi, 146 ünvanında yerləşən, Ramil Rəşidzadənin işlətdiyi mağazanın qarşısında qohumları Səxavət Mahmudov, Ədalət Süleymanov və Zaur Nadirov ilə spirtli içki qəbul edib. Həmin vaxt oraya gəlmiş həmyerlisi İbrahim Abdullayevin həqiqi hərbi xidmətdən yeni qayıtmış 1994-cü il təvəllüdlü oğlu Asim Abdullayev üçün də hörmət mənasında pivə sifariş edib.
Əvvəlcədən də spirtli içki qəbul etməklə orta dərəcəli sərxoş vəziyyətdə olan Asim Abdullayev onlarla birlikdə pivə içdiyi zaman daha da sərxoş olub. Bu səbəbdən özünün fiziki cəhətdən üstünlüyünü nümayiş etdirmək məqsədi ilə Qnyaza sataşıb. O, əli ilə Qnyaz Bəkirovun boynunun arxasına, sonra isə sinəsinə vurub.
Həmin vaxt onlarla birlikdə olan Səxavət Mahmudov, Ədalət Süleymanov və Zaur Nadirov onların hər ikisini sakitləşdirib. Daha sonra onlar birlikdə evə yollanıblar. Yolda Asim Abdullayev ilə Qnyaz Bəkirov yenə də mübahisə edib. Asim Qnyazı yenə də vurmağa başlayıb.
Bu zaman Qnyaz Asim Abdullayevdən qisas almaq məqsədi ilə onu öldürmək qərarına gəlib. Bu məqsədlə şalvarının kəmər yerində saxladığı bıçağı çıxararaq Asim Abdullayevi vurub. Asim aldığı xəsarətdən hadisə yerində ölüb. Asim qətl hadisəsindən bir neçə gün əvvəl hərbi xidmətdən qayıdıbmış.
Qnyaz Bəkirov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qnyaz Bəkirovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm elan ediblər.
Hökmdən narazı qalan Qnyaz Bəkirovun vəkili Fərhad Məmmədov apelyasiya şikayəti verərək müdafiə etdiyi şəxsin cəzasının yüngülləşdirilməsini istəyib. Şəki Apelyasiya Məhkəməsində işə baxan hakimlər Qnyaz Bəkirovun cəzasını 9 ilə endiriblər.
Baş Prokurorluq məhkəmənin qərarından narazı qalaraq Ali Məhkəməyə kasasiya şikayəti verib.
Prokurorluğun Qnyaz Bəkirovun cəzasının sərtləşdirilməsi ilə bağlı şikayətinə hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada baxılıb və qərar qəbul edilib. Hakimlər Şəki Apelyasiya Məhkəməsinin qərarını ləğv ediblər və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul ediblər.
Hakim Vidadi Qasımovun sədrliyi ilə keçirilən prosesdə ilkin baxış iclası olub.
Məhkəmə baxışı iyunun 3-nə təyin edilib.
Hacı Zeynalov