Ali Məhkəmədə lal-kar oğlunu qətlə yetirməkdə ittiham olunan Astara rayon sakini, 1934-cü il təvəllüdlü Qurban Nəsirovun məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Qurban Nəsirov Astara rayonunun Ərçivan kəndində doğma oğlunu qətlə yetirib. Qurban Nəsirovun lal və kar olan oğlu Rüfət Nəsirov həmişə evə sərxoş gəlib və bu səbəbdən də ata və oğul arasında daim mübahisə olub. Rüfət natəmiz və tüfeyli həyat tərzi keçirərək, ailə üzvlərinə narahatlıq yaradıb.
Yaşlı atası onun bu hərəkətlərinə iradını bildirib. Sərxoş oğul isə atasının iradlarına həmişə kobud cavab verib. Sonuncu dəfə də evə sərxoş gələn Rüfət yenə də dava salıb. Onun hərəkətləri 81 yaşlı kişini özündən çıxarıb.
Bu zaman ata əvvəlcə sərxoş oğlunu daşla vurub. Sərxoş olan Rüfətin müqavimət göstərməyə gücü çatmayıb və atasının zərbələrindən yerə yıxılıb. Yaşlı kişi yerdə köməksiz vəziyyətdə olan oğlunu döyə-döyə öldürüb.
Qurban Nəsirov Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Qurban Nəsirov apelyasiya şikayəti verərək, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Onun şikayətinə Şirvan Apelyasiya Məhkəməsində baxılıb. Qurban Nəsirovun apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 8 ilə endirilib.
Həmin qərardan Qurban Nəsirov kasasiya şikayəti verərək cəzasını yenə də yüngülləşdirilməsini istəyib. Həmçinin prokurorluqda kasasiya protesti verərək Qurban Nəsirovun cəzasının yünmgülləşdirilməsini istəyib.
Hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin şikayəti üzrə qərar elan edilib. Qərara görə, tərəflərin şikayəti təmin edilməyib.
Hacı Zeynalov