2 İyun 2015 21:20
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə Quba şəhərində H.Hüseynov adına 4 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin direktoru Xanımsona Əkbərova, təlim-tərbiyə işləri üzrə direktor müavini Elmira Qasımova və təsərrüfat işləri üzrə müavin Nüsrəddin Hacıbabayevin apelyasiya prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Nüsrəddin Hacıbabayev vəzifə səlahiyyətlərindən sui-istifadə yoluyla rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib və vəzifə saxtakarlığı törədib. 15 sentyabr 2011-ci il tarixli 128 saylı əmrlə həmin məktəbə texniki işçi təyin olunmuş Anjella İbrahimova işə çıxmayıb, buna baxmayaraq, o, Anjellaya 4 mart 2013-cü il tarixədək olan müddətdə əlavə əməkhaqqı yazıb.

Həmin əməkhaqqı cədvəlləri məktəbin möhürü ilə təsdiqlənib, daha sonra Quba rayon icra hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəliyinə göndərilib.

Nümayəndəlik tərəfindən Anjella İbrahimovaya 2011-ci ilin sentyabr ayından 2013-cü ilin mart ayınadək 1759 manat əməkhaqqı hesablanıb və həmin məbləğ onun "KapitalBank"dakı hesabına köçürülüb.

Digər təqsirləndirilən şəxslər Xanımsona Əkbərova və Elmira Qasımova isə Nüsrəddin Hacıbabayevanın qanunsuz əməlinə göz yuyublar.

Nüsrəddin Hacıbabayev və Xanımsona Əkbərova Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 314.1-ci (səhlənkarlıq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə, Elmira Qasımova isə Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə ittiham olunublar.

Quba Rayon Məhkəməsinin hökmü ilə Nüsrəddin Hacıbabayev və Xanımsona Əkbərova 1000 manat cərimə olunub, Elmira Qasımovanın barəsində isə ittiham hökmü çıxarılmayıb. Onun ittiham olunduğu maddənin ittiham müddəti keçdiyi üçün hakim belə nəticəyə gəlib.

Həmçinin hakim Cinayət Məcəlləsinin 308.1-ci maddəsini ittihamdan çıxararaq, həmin maddə ilə Nüsrəddin Hacıbabayev və Xanımsona Əkbərovaya cəza təyin etməyib.

Hökmdən narazı qalan Nüsrəddin Hacıbabayev və Xanımsona Əkbərova apelyasiya şikayəti verərək cərimə cəzalarının ləğvini istəyiblər. Həmçinin prokurorluq apelyasiya protesti verib və təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını tələb edib.

Sumqayıt Apelyasiya Məhkəməsində prokurorun protesti qismən təmin edilib və Quba Rayon Məhkəməsinin hökmü ləğv olunub. Yeni hökmə əsasən, təqsirləndirilən şəxslər istintaq orqanını irəli sürdüyü ittihamlarla mühakimə ediliblər və onların hər biri 1000 manat miqdarında cərimələniblər.

Prokurorluq məhkəmənin qərarından kasasiya şikayəti verib. Hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Prokurorluğun protesti təmin edilib və Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apelyasiya uinstansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər