3 İyun 2015 16:54
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində “Sovetski” sakinlərinə qarşı dələduzluq etməkdə təqsirli bilinən Nazim Səmədov, Asıf Hacı İsmayılov və Orxan Fərhadovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Nazim Səmədovun vəkili İradə Cavadova Teleqraf.com-a bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilən Nazim Səmədovun səhhətində problemlər var. Vəkilin sözlərinə görə, Nazim Səmədov ciddi xəstəlikdən əziyyət çəkir: “Nazim Səmədov həbsxanada 14 gün aclıq keçirib. O, arıqlayıb, vəziyyəti yaxşı deyil. O, bu barədə deməsə də, ağ ciyərində də problemlər var”.

İradə Cavadova qeyd edib ki, müdafiə etdiyi şəxs cinayət törətmədiyi halda 6 il müddətinə azadlıqdan məhrum edilib. Vəkilin sözlərinə görə, qanunsuz həbs edilən nazim Səmədovun barəsində bəraət hökmü çıxarılmalı idi: “Nazim Səmədovun əməli nə istintaq dövrün də, nə də birinci məhkəmə instansiyası dövründə sübuta yetirilməyib. Nazim Səmədov heç kimdən 1 manatda almayıb. Bu gün ağır xəstəlikdən əziyyət çəkən Nazim Səmədov qapalı yerdə saxlanılır. Bu da onun səhhətinə pis təsir edir”.

Təqsirləndirilən şəxsin vəkili daha sonra qeyd edib ki, Bakı Apelyasiya Məhkəməsində işə hakim Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb. Onun sözlərinə görə, Nazim Səmədov rus dilli olduğu üçün tərcüməçi istəyib: “Bu səbəbdən də məhkəmə prosesi iyunun 8-dək təxirə salınıb”.


Qeyd edək ki, Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsi “DES” MMC-nin vəzifəli şəxslərinin mənzil tikintisi adı altında yol verilən dələduzluq faktına görə saxlanılması ilə bağlı birgə məlumat yayıb.

Məlumatda bildirilib ki, Bakı şəhər sakini Asəf Hacı İsmayılov və qeyriləri tərəfindən təsis edilmiş “DES” MMC-nin vəzifəli şəxsləri “Köhnə bakılılara yeni ev” şüarı altında sayt yaradıb. Vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onlara məxsus külli miqdarda əmlakı ələ keçirmək üçün guya paytaxtın mərkəzi prospektlərindən birində çoxmərtəbəli bina tikəcəkləri barədə həmin saytda və digər kütləvi informasiya vasitələrində reallıqdan uzaq elanlar, reklam xarakterli informasiyalar yerləşdiriblər.

Araşdırmalar zamanı cəmiyyətin sözügedən fəaliyyət növü ilə müvafiq lisenziya olmadan fəaliyyət göstərdiyi müəyyən edilib. Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb.

Adıçəkilən şirkətin vəzifəli şəxsləri - Asəf Hacı İsmayılov, Nazim Səmədov və Orxan Fərhadov şübhəli şəxs qismində tutulublar. Tutulan şəxslərin ifadələrindən və digər sənədlərdən də göründüyü kimi, onlar inşa edəcəkləri, ümumi dəyəri 17.000.000 manatdan çox olan 16 mərtəbəli, 9 bloklu və 810 mənzilli binada həmin mənzillərin hər kvadratmetrini "Sovetski" sakinlərinə guya 380 manata satmağı nəzərdə tutublar. Şirkət nümayəndəsi vətəndaşlarla müqavilələr bağladığını etiraf etsə də onlardan hər hansı məbləğdə pul almadıqlarını iddia edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,178-ci (dələduzluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Səmədov 6 il müddətinə azadlıqdan məhrum edilib. Digər iki nəfər - Asif Hacı İsmayılov və Orxan Fərhadovun barəsində 6 il şərti cəza tətbiq edilib. Onlar Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla məhkəmə zalından azad olunublar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər