Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində gəlinin və 6 aylıq nəvəsini öldürməkdə təqsirli bilinən Şərqiyyə Hüseynovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Teleqraf.com xəbər verir ki, Suraxanı rayonu, Zığ bağları massivində evlərdən birində kirayə yaşayan 1974-cü il təvəllüdlü Şərqiyyə Hüseynova münaqişə zəminində gəlini, 1994-cü il təvəllüdlü Elnarə Nəcəfovanın başına bir neçə dəfə daşla vuraraq onu öldürüb. Bununla hirsi soyumayan qadın evdə olan 6 aylıq nəvəsi Emilyanı da boğaraq qətlə yetirib.
Şərqiyyə Hüseynova Suraxanı rayonu, 30-cu polis bölməsi əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox adamı öldürmə) maddəsilə ittiham irəli sürülüb.
Şərqiyyə Hüseynovagil cinayət baş verən ünvanda təxminən 5-6 aydır kirayə yaşadığından qonşular onları bir o qədər yaxşı tanımır. Amma müəyyən qədər tanıyanlar Şərqiyyə Hüseynovanın psixi problemləri olduğunu bildirib.
Şərqiyyə Hüseynovagilin əslən Gürcüstandan olduğunu deyən qonşuların sözlərinə görə, həyat yoldaşı da hazırda orada yaşayır. Qadın oğlu Elvar, gəlini və nəvəsilə qalırmış. Hadisə baş verərkən Elvar Hüseynov işdə olub.
Qadın istintaqa ilkin ifadəsində deyib ki, onu otağa salıb ağzını bağladıqlarına görə əsəbiləşərək, belə bir dəhşətli hadisəni törədib. Onun sözlərinə görə, Gürcüstana qayıtmaq istəyirmiş. Lakin oğlu və gəlini onu buraxmırlarmış.
Məlumata görə, Şərqiyyə Hüseynova psixi problemlərinə görə dərman qəbul edirmiş. Bu səbəbdən oğlu işə gedərkən həyat yoldaşına tapşırıb ki, anasının dərmanlarını versin, sonra da qapını bağlasın ki, heç yerə çıxıb getməsin. Çünki bundan əvvəl bir neçə dəfə çölə çıxaraq, qonşularla dalaşıbmış.
Gəlin də həyat yoldaşının dediyi kimi eləyib. Qadın gəlini çağırıb, qapı açılanda Şərqiyyə Hüseynova qəfildən çölə çıxaraq, əlinə daş götürüb və Elnarə Nəcəfovaya hücum edib. Daşla başına bir neçə zərbə endirib onu öldürəndən sonra isə 6 aylıq uşağı boğub. Qonşuların dediyinə görə, Şərqiyyə Hüseynovanın gəlini və oğlu qanacaqlı, sakit insanlar olub.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Daha sonra ifadə verən Şərqiyyə Hüseynova ittiham üzrə özünü qismən təqsirli bilib.
Qadın ifadəsində deyib ki, onu otağa salıb ağzını bağladıqlarına görə əsəbiləşərək, belə bir dəhşətli hadisəni törədib. Onun sözlərinə görə, Gürcüstana qayıtmaq istəyirmiş. Lakin oğlu və gəlini onu buraxmırlarmış.
Məhkəmənin hökmü ilə Şərqiyyə Hüseynova 18 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov