Pensiya düzəltmək adı ilə pul alan şəxsə cəza verildi
Şirvan Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan Lənkəran şəhər sakini, 1973-cü il təvəllüdlü Şahin Babayevin şikayətinə baxılıb. İstintaq materiallarına görə, Şahin Babayev Astara rayonu, Pensər kənd sakini Təranə Əsgərovanı ona təqaüd düzəltmək adı ilə aldadıb. Şahin Babayev 2013-cü ilin aprel ayından avqust ayınadək hissə-hissə onun 1100 manatını ələ keçirib.
Bundan başqa, o, Astara rayonu, Şiyəkəran kənd sakini Teyyub Qəhrəmanovun özünə və qızı Sultanə Qəhrəmanovaya təqaüd düzəltmək barədə yalan vədlər verib. 2013-cü ilin aprel ayından iyul ayınadək Teyyub Qəhrəmanovdan 2400 manat alıb.
Şahin Babayev Lənkəran Şəhər Məhkəməsinin hökmü ilə 3 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək barəsində daha yüngül cəzanın təyin edilməsini xahiş edib.
Hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçən prosesdə Şahin Babayev bildirib ki, tanışı, taksi fəaliyyəti ilə məşğul olan Nazim Ağayevlə təxminən 2013-cü il aprel ayının əvvəllərində Astara şəhərinə gedib: "Astara şəhərindən qayıdanda Nazimlə birlikdə Pensər kəndində yaşayan qaynananasıgilə baş çəkdik. Nazimin həyat yoldaşı evdə xəstə yatdığı üçün evin 2-ci mərtəbəsinə çıxdı, mənə isə həyətdə qaldım.
Həmin vaxt Nazimin qaynanası Təranə ilə aramızda ünsiyyət yarandı. Söhbət əsnasında onun dövlətdən müavinət və ya təqaüd alıb-almadığını soruşdum. Təranə dövlətdən heç bir müavinət və ya təqaüd almadığını bildirdi".
"1100 manat yox, cəmi 350 manat almışam"
Təqsirləndirilən şəxsin sözlərinə görə, Təranəyə Lənkəran şəhərində sosial müdafiə fondunda işlədiyini, əgər xəstəliyi varsa, onun üçün təqaüd düzəldə biləcəyini deyib: "Təranə də mənimlə razılaşdı. Ona özü ilə 20 manat pul götürərək səhəri gün Lənkəran şəhərinə gəlməyi tapşırdım. Səhər Təranə ilə Astara marşrut avtobuslarının dayandığı yerdə görüşərək onunla birlikdə sosial müdafiə fondunun yanına getdik. Təranəyə təqaüdə çıxmaq üçün ərizə yazdırdım və 20 manatı aldıqdan sonra birinci mərtəbədə gözləməsini istədim.
Mən isə ərizəni qeydiyyata saldırmaq adı ilə 2-ci mərtəbəyə çıxaraq koridorda bir qədər gözlədikdən sonra aşağı düşdüm, Təranəyə narahat olmamağı, işin düzələcəyini dedim. Bundan sonra bir neçə dəfə Təranəni Lənkəran şəhərinə gətirərək ondan müxtəlif vaxtlarda təqaüd düzəltmək adı ilə 1100 manat yox, cəmi 350 manat aldım".
"Pul aldım, təqaüd isə düzəlmədi"
Təqsirləndirilən şəxs daha sonra qeyd edib ki, Teyyub Qəhrəmanovu Təranənin evində görüb və onun vasitəsi ilə tanış olub: "Təranə Teyyuba da pensiya düzəltməyi məsləhət bildi. Teyyub məndən özünə və qızına xəstə olduqları üçün təqaüd düzəltməyimi istədi. Teyyubla da Lənkəran şəhərində bir-iki dəfə görüşdüm. Ondan müxtəlif vaxtlarda pul alaraq təqaüd düzəltmək məqsədi ilə həkimə apardım və müayinə etdirdim. Lakin Teyyubun dediyi kimi ondan 2400 manat yox, cəmi 300 manat almışam. Lakin təqaüd düzəltməmişəm".
O, bildirib ki, ailəlidir, iki azyaşlı uşağı var, 3-cü qrup əlildir: "Ailəmin məndən başqa gəlir gətirəni yoxdur. Hazırda ailə üzvlərim kirayədə yaşayır və vəziyyətləri olduqca acınacaqlıdır. Əla qiymətlərlə oxuyan uşaqlarımın məktəbə getmək imkanları yoxdur. İşə ədalətli baxılsın, mənə cəzamın yüngülləşdirilməsində köməklik göstərilməsini xahiş edirəm".
"Dedim ki, özüm və qızım xəstədir"
Zərərçəkmiş Teyyub Qəhrəmanovun sözlərinə görə, 2013-cü ilin aprel ayında qudası Təranə Əsgərovanın evində qonaq olub: "Təranə mənə bildirdi ki, özümə və qızım Sultanəyə təqaüd düzəltdirmək istəyirəmsə, Lənkəran şəhərindən olan Şahin adlı tanışı vasitəsi ilə bunu edə bilər. Mən də qohum olduğu üçün Təranənin dedikləri ilə razılaşdım və Şahin adlı şəxslə necə görüşə biləcəyimi soruşdum.
Təranə dedi ki, əgər istəyirsən, Şahini evlərinə çağırım, çünki onun kürəkənim Nazimlə münasibəti yaxşıdır.
Söhbətdən bir müddət sonra Təranə zəng edərək onlara gəlməyimi istədi. Özümün və Sultanənin xəstəliyi ilə bağlı sənədləri götürərək Təranənin evinə getdim. Bir az sonra Şahin də həyat yoldaşı ilə oraya gəldi. Orada tanış olduq. Şahinə dedim ki, özüm və qızım xəstədir, bizə təqaüd düzəlt.
Şahin xəstəliklə əlaqədar nə kimi sənədlərin olduğunu soruşdu. Qızımın ürəyində problem olduğunu, çox vaxt sudurğa keçirdiyini, ona görə də Lənkəran şəhərində həkim tərəfindən müalicə aldığını, özümün isə ağ ciyər xəstəliyindən əziyyət çəkdiyimi bildirdim.
Şahin heç bir çətinliyin olmadığını, bu işdə mənə kömək edəcəyini və səhər Lənkəran şəhərinə gəlib, orada bu barədə söhbət edəcəyimizi söylədi. Mən də razılaşdım. İlk dəfə Şahinə Pensər kəndinə gəldiyi üçün 60 manat yol xərci verdim. Səhər Lənkəran şəhərinə getməmişdən əvvəl Şahinin mobil telefona zəng vurdum. Gələndə özümlə 300 manat gətirməyimi istədi".
"Bir neçə dəfə pul verdim"
Zərərçəkmiş qeyd edib ki, Lənkəran şəhərində yerləşən "Böyük bazar" məscidinin yanında Şahinlə görüşüb: "Dedi ki, lazımi adamla görüşüb, işi həll etmək üçün 300 manat lazımdır. Şahin pulu alandan sonra bir-iki günə mənə xəbər edəcəyini bildirdi. Bundan sonra evimə qayıtdım. İki gün keçdi, Şahin yenə zəng edərək Lənkəran şəhərinə gəlməli və özümlə 200 manat gətirməli olduğumu bildirdi.
200 manat götürərək yenə də əvvəlki görüşdüyüm yerə getdim. O, pulu aldıqdan sonra mənimlə əlaqə saxlayacağını dedi. 2013-cü ilin may ayında Şahin məni təzədən Lənkəran şəhərinə çağırdı, mərkəzi bazarda yerləşən poliklinikaya apardı və orada ağ ciyərimi rentgen müayinəsindən keçirdi".
Teyyub Qəhrəmanovun sözlərinə görə, Şahinlə 2013-cü ilin may, iyun və iyul aylarında görüşüb və ona hissə-hissə pul verib: "Şahin dedi ki, mənim və qızımın işi düzəlib. Sentyabr ayında təqaüd kartlarını alacağıq. Axırıncı dəfə, 30 avqust 2014-cü il tarixdə axşamüstü Təranə evimə gəldi və dedi ki, Şahin ailə üzvləri ilə birlikdə onların kəndinə gəlib, həmçinin təqaüd kartlarını gətirib və məndən şirinlik üçün 150 manat istəyir. Təranəyə dedim ki, əgər kartlarını gətiribsə, ona 100 manat şirinlik verə bilərəm. Ancaq kartları alandan sonra pulu verəcəyimi dedim".
Zərərçəkənlər şikayətçi olmadılar
Zərərçəkmiş bildirib ki, həmin vaxt Təranənin yanında Şahinə zəng edib və harada olduğunu soruşub: "Şahin kənddə çayın qırağında olduğunu bildirdi. Çay qırağına getdim, Şahinlə görüşdüm və kartları istədim. Şahin bildirdi ki, 150 manat şirinlik vermək lazımdır, ondan sonra kartları verəcəklər. Şahindən "Bəs nəyə görə Təranəyə kartların hazır olduğunu söyləmisən" deyə soruşdum. O, belə söz demədiyini, 150 manat vermək lazım olduğunu və sabah kartları gətirəcəyini bildirdi. Ona 150 manat da verdim".
Teyyub Qəhrəmanovun sözlərinə görə, Şahin sonradan deyib ki, kartlar sentyabr ayında hazır olacaq və poçt vasitəsi ilə göndərəilcək. Amma təqaüd kartları poçt vasitəsi ilə onun evinə gəlməyib: "Şahinə zəng etdim, zənglərimə cavab vermədi, daha sonra telefonunu söndürdü. Əlacsız qalıb Təranəni qızı Teyranə ilə Şahinin evinə göndərdim. Şahin həmin vaxt evdə tapılmadı. Sonra onları Şahinin həyat yoldaşının işlədiyi şirniyyat sexinə göndərdim.
Həyat yoldaşı deyib ki, Şahin Lənkəran şəhərində yoxdur, harada yaşadığını da bilmir. Vəziyyəti belə görəndən sonra ərizə ilə polisə müraciət etdim".
Təranə Əsgərova da ifadəsində Şahinlə kürəkəni Nazim vasitəsi ilə tanış olduğunu deyib. Onun sözlərinə görə, bu tanışlıqdan sonra Şahinin ona təqaüd düzəltməsi üçün 1100 manat verib. Hər iki zərərçəkmiş zərərin ödənilməsini əsas gətirərək, Şahindən şikayətləri olmadığını deyiblər.
Dövlət ittihamçısı Səyavuş Sadıqov çıxış edərək təqsirləndirilən şəxsin apelyasiya şikayətinin əsassız olduğunu, onun şikayətinin təmin edilməməsini istəyib. Hakim heyəti Şahin Babayevin şikayətini təmin etməyib.
Hacı Zeynalov