5 İyun 2015 13:08
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə Arvadını öldürməkdə təqsirli bilinən 1980-ci il təvəllüdlü Rövşən Mehdiyevin məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Rövşən Mehdiyev 2013-cü ilin avqust ayının 23-də Cəmilə Mehdiyevanı Babək prospektində yerləşən qəbiristanlığa gətirərək, ov tüfəngi ilə öldürüb.

Rövşən Mehdiyev üç uşaq anası olan həyat yoldaşının ona xəyanət etdiyini öyrənibmiş. O, Cəmiləni öz atasının qəbrinin üstünə gətirərək, burada ondan öz hərəkətini izah etməyi tələb edib.

Rövşən Mehdiyev həyat yoldaşının mobil telefonla başqa kişi ilə danışdığını ona göstərib.

Rövşən Mehdiyevin şübhələri təsdiqini tapdıqdan sonra həyat yoldaşını güllələyib. Qadın aldığı güllə yarasından yerindəcə dünyasını dəyişib. Bundan sonra ər Daxili İşlər Nazirliyinin “102" xidmətinə zəng edərək, törətdiyi cinayət barədə xəbər verib. Mehdiyev sabiq polis əməkdaşı imiş.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Mehdiyev 11 il cəza alıb. Hökmdən narazı qalan Mehdiyev apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Zərərçəkmiş tərəf də apelyasiya şikayəti verib. Mərhumun hüquqi varisi Vaqif Quliyevin nümayəndəsi Oruc Məmmədovun imzası ilə məhkəməyə şikayət daxil olub. Zərərçəkmiş tərəf sabiq polis əməkdaşına ağır cəzanın verilməsini tələb edib.

Bakı Apelyasiya Məhkəməsində işə baxan hakimlər tərəflərin şikayətini təmin etməyib. Rövşən Mehdiyev cəzasının yüngülləşdirilməsi ilə bağlı kasasiya şikayəti verib.

Hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, Rövşən Mehdiyev kasasiya şikayətinə baxılmasını istəməyib. Buna görə də hakimlər kasasiya şikayətinin baxılmasına xitam veriblər və işi geri, apelyasiya instansina qaytarıblar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər