6 İyun 2015 22:59
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Apelyasiya Məhkəməsində qonşusuna xəsarət yetirməkdə təqsirli bilinən Ağstafa rayon sakini, 1980-ci il təvəllüdlü Seyidağa Qasımovun cinayət işinə baxılıb. İttihama görə, Seyidağa Qasımov ötən il avqustun 10-u, saat 21 radələrində Poylu kəndində qonşusu Rahib Haxıyevin yaşadığı evin qarşısına gəlib.

Onlar şəxsi münasibətlər zəminində mübahisə ediblər, bu zaman Seyidağa butulka ilə Rahib Haxıyevin baş nahiyəsinə vuraraq ona xəsarət yetirib.

Cinayət Məcəlləsinin 128-ci (sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham olunan Seyidağa Qasımov Ağstafa Rayon Məhkəməsinin hökmü ilə 8 ay müddətinə azadlıqdan məhrum edilib. Onun başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib və məhkəmə zalından həbs olunub.

Apelyasiya şikayəti verən Seyidağa Qasımov birinci instansiya məhkəməsinin hökmünün ləğvini, işə yenidən baxılaraq barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə Seyidağa Qasımov bildirib ki, cinayət işində zərərçəkmiş şəxs qismində göstərilmiş Rahib Haxıyev və onun ailəsi arasında uzun müddət ədavət olub: "Sonda bu düşmənçiliyin qurbanı oldum. Heç bir günahım olmadığı halda təqsirli bilinərək 8 ay müddətinə azadlıqdan məhrum edildim. İstər ibtidai istintaq, istərsə də məhkəmə zamanı dəfələrlə sübuta yetmişəm ki, Rahib Haxıyev və hadisə iştirakçıları tamamilə əsassız ifadə veriblər. Bütün şahidlər Rahib Haxıyevin ailə üzvüdür. Belə olan halda ədalətdən söhbət gedə bilməz".

Seyidağa Qasımovun sözlərinə görə, Rahib Haxıyevə heç bir xəsarət yetirməyib: "Əksinə, hadisə zamanı özüm xəsarət almışam. Hazırda islah olunmuşam, barəmdə bəraət hökmü çıxarılmasını xahiş edirəm".

"Dava-dalaş saldı, bibimi söydü"

Zərərçəkmiş Rahib Haxıyev isə bildirib ki, qonşuluqda yaşadıqları Seyidağa Qasımovla aralarında bir neçə dəfə ədavəti olub: "Buna görə də dəfələrlə Seyidağaya demişəm ki, bizdən uzaq dursun, evimizə gəlməsin. Buna baxmayaraq, o, hər dəfə spirtli içki içəndə, sərxoş olanda evimizə gəlib. Ailə üzvlərimlə mübahisə eləyib, dava-dalaş salıb. Hər dəfə onu evdən qovsaq da, bu hərəkətlərini təkrar edib".

Rahib Haxıyev qeyd edib ki, axırıncı dəfə Seyidağa onların yaşadığı evə qanunsuz daxil olub və buna görə onun barəsində Ağstafa Rayon Prokurorluğunda cinayət işi açılıb: "Avqustun 10-da yaşadığım evdə olmuşam, Ağstafa şəhərində yaşayan qardaşımın arvadı Samirə də bizə qonaq gəlmişdi. Evdə yemək bişirməyə və çay dəmləməyə su olmadığı üçün mənim həyat yoldaşım Samirə və qardaşımın həyat yoldaşı Samirə azyaşlı uşaqları ilə birlikdə bulaqdan su gətirmək üçün avtomobillə bulağa getdik. Təxminən saat 21. 30-da evə qayıtdım və avtomobili evin darvazasının qarşısında saxladım. Düşəndə gördüm ki, bibim oğlu Hafiz darvazanın yanında Seyidağanı tutub. Hafizin yanında anası da var idi. Seyidağa bibimi söyürdü, bibimin də əlində ağac parçası var idi".

"Atamın üzündə qan vardı"

Zərərçəkmişin sözlərinə görə, avtomobildən düşdükdən sonra evin həyətinə baxıb və atası Valehin yerə yıxıldığını, sifətindəki qanı sildiyini görüb: "Atamın üzünü qanlı görəndə nə baş verdiyini soruşdum. Anam Seyidağanın atamı döydüyünü dedi. Buna əsəbləşdim, Seyidağanın üzərinə getdim, onu vurmaq istədim. Paltarından tutdum, özümə tərəf çəkərkən Seyidağa mənə zərbə atdı. Bu vaxt başıma nə isə dəydiyini hiss etdim. Seyidağanın əlimdə boş şüşə vardı. Başımdakı ağrılar güclü olduğundan ayağa qalxa bilmədim. Anam Nigar əlindəki belin sapı ilə Seyidağanın üzərinə gedərək ona bir neçə zərbə vurdu. Seyidağa isə əvvəlcə qolunu tutub, yerə yıxıldı, sonra isə qalxaraq yenə də bizi söyə-söyə yaşadığı evə tərəf getdi. Anamla arvadım məni evə gətirdilər, başımın qanını təmizləyib sarıdılar".

"Seyidağa anama ağacla xəsarət yetirib"

Zərərçəkmişin sözlərinə görə, Seyidağanın həmin şüşə butulkanı haradan əldə etdiyini görməyib: "Seyidağa ifadəsində yalan göstərib. Mən ona qarşı heç bir zor tətbiq etməmişəm, sadəcə, bir-birimizə əl-qol atmışam. Seyidağa anama ağacla xəsarət yetirib. Onun sifətində olan xəsarətləri isə, ola bilsin, atamla dalaşarkən əmələ gəlib. Seyidağaya heç bir xəsarət yetirməmişəm".

Rahib Haxıyev ifadəsinin sonunda təqsirləndirilən şəxsin apelyasiya şikayətinə etiraz edib.

Prokuror Qalib Rizvanov bildirib ki, Seyidağa Qasımovun əməli şahid ifadələri, ekspertiza rəyi, habelə digər iş materialları ilə sübuta yetirilib. Prokuror qeyd edib ki, təyin olunmuş cəzanın onun islah olunmasına təsir dərəcəsi nəzərə alınmaqla hökm qanuni və əsaslı, cəza ədalətlidir.

Tərəfləri dinləyən hakim heyəti sonda apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar elan edib.

Hacı


Müəllif: