Bakı-Şamaxı-Yevlax avtomobil yolunda bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.
Hadisə magistral yolun 203-cü kilometrliyində, Göyçayın Qarayazı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Göyçay şəhər sakini, 49 yaşlı Səbuhi İsayevin idarə etdiyi 23-BX-050 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşını qarşı tərəfdən gələn Ağsu rayon sakini, 52 yaşlı Əziz Məhərrəmovun idarə etdiyi 54-BB-557 dövlət nömrə nişanlı “KaMAz” markalı yük maşını ilə toqquşub. Zərbənin təsiri nəticəsində yük avtomobili aşıb. Ağır bədən xəsarətləri alan sürücü Səbuhi İsayev hadisə yerində dünyasını dəyişib.
Məlumata görə, dünyasını dəyişən “Bismak” şirkətinin işçisi Səbuhi İsayev 7 gündür ki, itkin düşən şəxs kimi Göyçay rayon Polis Şöbəsi tərəfindən qeydiyyata alınıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Zəka Əliyev