Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə təqsirli bilinən Coşqun Mirzəyev və Asif Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Biləcəri qəsəbəsi, Binəqədi şosesində yaşayan Oktay Əsədov rayon polis idarəsinin 6-cı polis bölməsinə gələrək, naməlum şəxslər tərəfindən evindən 23 min ABŞ dolları və qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib. Rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakini 20 yaşlı Coşqun Mirzəyev və Bakı şəhər sakini 26 yaşlı Asif Novruzov yaxalanıblar.
İlkin istintaqa ifadələrində saxlanılan şəxslər bildiriblər ki, ev sakinlərinin toya getməklərindən istifadə edərək oraya daxil olublar. Saxlanılan Coşqun Mirzəyev bir neçə gün oğurluq etdikləri evi nəzarətdə saxladıqlarını bildirib: “Biz həmin evin üzərində bir müddət işlədik. Evdə heç kəsin olmamasına tam əmin olduqdan sonra oğurluğa qərar verdik. Evin qabağından turbaların üstünə çıxdıq. İkinci mərtəbədən şüşəni sındırıb girdik evə. Evi axtardıq. Qızıl götürdük. Sellofana bükülmüşdü. Xırda pul da götürdük, tez çıxdıq oradan”.
Asif Novruzov oğurluğa tanışlarına olan borclarını ödəyə bilmədiyi üçün əl atdığını söyləyib: “Borclarım var idi, xeyli adama idi borcum. Özüm də işləyə bilmirəm. İşdən çıxartdılar. Qaldım işsiz. Ona görə də getdim cinayət törətdim”.
Tapdıqları qızılları 1600 manata satdıqlarını deyən Coşqun pulu yarı-yarıya böldüklərini söyləyib. Coşqun Mirzəyev istintaqda dindirilərkən, mənzildən 23 min ABŞ dollarını götürmədklərinin deyib. O, bu barədə ev sahibinin şər atdığını vurğulayıb: “Evdə 23 min pul olduğunu deyir. Bütün evin otaqlarını axtarmışıq. Pul çıxmayıb, 23 min orada olmayıb. Qızıldan əlavə 7 manat pul çıxıb, bir də 50 qəpik. Onları da götürəndən sonra evdən çıxmışıq”.
Qeyd edək ki, təqsirləndirilən şəxslər əvvəllər də oğurluq cinayətləri törətdikləri üçün məhkum olunublar. Onlar Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddəsi ilə ittiham edilir. Cinayət işi hakim Rasim Sadıqovun sədrliyi ilə araşdırılır.
Məhkəmə baxışı iyunun 18-nə təyin edilib.
Hacı Zeynalov