Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qusar rayon sakini, 1973-cü il təvəllüdlü Şərafəddin Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Şərafəddin Mahmudov 2012-ci ilin avqust ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq döyüş sursatı hesab edilən istifadəyə yararlı 82 ədəd 5,45 mm kalibrli patron, 2 ədəd müdafiə təyinatlı “F-1” markalı qəlpəli əl qumbarasının gövdəsi və həmin markalı əl qumbarası gövdələrinin partladılması üçün nəzərdə tutulmuş 2 ədəd “UZRQM” tipli alışdırıcı, eləcə də satış məqsədi ilə qanunsuz olaraq tamah niyyəti ilə külli miqdarda, yəni ümumi 24,838 qram xalis çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib. O, həmin silah-sursatı və narkotik vasitəni yaşadığı Qusar şəhəri, Tofiq İsmayılov küçəsi 144-də yerləşən evdə gizlədib.
Şərafəddin 8 avqust 2012-ci ildə narkotik vasitə heroinin 12,457 qramını üstündə daşıyaraq Qusar şəhəri, Heydər Əliyev prospekti ilə piyada hərəkət edərkən Daxili İşlər nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Qusar rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilib. Onun üstünə baxış keçirilən zaman 12,457 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülüb.
Elə həmin tarixdə saat 13.30-da polis əməkdaşları tərəfindən Şərafəddin Mahmudovun yaşadığı Qusar şəhəri, Tofiq İsmayılov küçəsi 144 ünvanında yerləşən evə onun özünün dəvəti, icazəsi və iştirakı ilə baxış keçirilib. Evin birinci mərtəbədəki sol tərəfdən üçüncü otaqda Şərafəddin Mahmudovun göstərdiyi yerdən bir ədəd polietilen kisədə 82 ədəd 5,45 mm kalibrli patron, 2 ədəd müdafiə təyinatlı «F-1» markalı qəlpəli əl qumbarasının gövdəsi və 2 ədəd “UZRQM” tipli alışdırıcı, bir ədəd ağ rəngli polietilen bükümdə külli miqdarda 12,381 qram çəkidə narkotik vasitə heroin aşkar edilib.
Bundan başqa, Şərafəddin Mahmudov müvafiq razılıq olmadan istintaqa məlum olmayan mənbədən əldə etdiyi dini təyinatlı ədəbiyyat hesab edilən, məzmununda dözümsüzlük fikirləri aşkarlanmış Saleh ibn Fouzanın “Drujba i nepriçastnost v İslame” (“Drujba i nepriçastnostğ v İslame”), Əbu Əli Abdullah Əl Ucarinin “O prevosxodstve spodvijnikov” (“O prevosxodstve spodvijnikov”) kitablarını və “Müvəqqəti nikahın Quran və sünnədə hökmü” kitabçasını, məzmununda dünyəvi dövlət sisteminin əleyhinə olan fikirlər aşkarlanmış Cəmaləddin Xocaoğlunun “Konstitusiya İslama” (“Konstituüiə İslama”) adlı kitabını, məzmununda cihad adı altında radikallıq və dini dözümsüzlüyün təbliğ olunması aşkarlanmış Zelimha Yandarbinin “Djixad i problemı sovremennoqo mira” (“Djixad i problemı sovremennoqo mira”) kitabını, dini məzmunlu başqa məlumat materialları hesab olunan məzmununda dünyəvi dövlət sisteminin əleyhinə olan fikirlər, cihad adı ilə terrora haqq qazandıran və onu təbliğ edən materiallar aşkarlanmış “Timurtaş Uçar” adlı 2 diski, “Shureym. Sudeys. Taliban”, “Mücahidlər-çeçen”, “Quantanamo”, “Sbor”, “Ümeyr”, “Daniya, Abu Yaxya” (“Daniə, Abu Əxə”), “Leksii Said Abu Saad” (“Leküii Said Abu Saad”), “Said Abu Saad 2”, “Said Abu Saad 1, şərti adlı diskləri, eləcə də, “Şeyx Abdullax Azzam” (“Şeyx Abdullax Azzam”), “Xutba Baxuuddin” (“Xutba Baxuuddin”) şərti adlı videokassetləri satış və yayma məqsədi ilə idxal edərək yaşadığı Qusar şəhəri, T.İsmayılov küçəsi, 144 ünvanında yerləşən evdə gizlədib. O, həmin dini ədəbiyyatları evində saxlamaqla milli, irqi, sosial və dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətləri aşkar surətdə törədib.
Şəraəfddin Mahmudov Cinayət Məcəlləsinin 167-2.1-ci (qadağan olunmuş dini ədəbiyyat yaymaq), 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama), 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri ilə ittiham edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Şərafəddin Mahmudov apelyasiya şikayəti verərək barəsində olan hökmün ləğv edilməsini istəyib. O, bildirib ki, məhkəməyədək icraata qədər və məhkəmə araşdırması prosesində barəsindəki cinayət işinin materialları ilə tanış olmağa imkan verilməyib. O, barəsində olan hökmün ləğv edilməsini və cinayət işinə yenidən baxılmasını xahiş edib.
Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimi İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə Şərafəddin Mahmudovun apelyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla keçirilməsi barədə vəsatəti təmin edilməyib. Hakim qərara alıb ki, apelyasiya şikayəti məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar tələb edilmədən məhkəmə baxışı aparılacaq.
Məhkumun müdafiəçisinin kasasiya şikayətinə baxan Ali Məhkəməsinin cinayət kollegiyası hakimi Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyada Şərafəddin Mahmudovun işinə yenidən baxılması barədə qərar qəbul edilib və cinayət işinin materialları yenidən araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılıb.
Bu dəfə Şərafəddin Mahmudovun işinə Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Mübariz Zeynalovun sədrlik etdiyi kollegiyada baxılıb. Şərafəddin Mahmudovun barəsində ə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2013-cü il tarixli hazırlıq iclasının qərarı və 27 may 2014-cü il tarixli hökmü ləğv edilib. İş yenidən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə, məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə qaytarılıb.
Şərafəddin Mahmudovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi kollegiyada baxılıb. Hakim bildirib ki, Şərafəddin Mahmudovun hüquqlarının pozulması ilə bağlı məsələlərə aydınlıq gətirilməsi üçün cinayət işi yenidən ibtidai istintaqa qaytarılmalıdır. Buna görə də cinayət işinin icraatı dayandırılıb və iş materialları yenidən araşdırılması üçün ibtidai istintaqı həyata keçirən prokurorluğa qaytarılıb.
Hacı Zeynalov