Bakı Apelyasiya Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Məmmədov Aydın Gülməmməd oğlunun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Aydın Məmmədov 12 avqust, 2014-cü ildə Pirallahı qəsəbəsi, K. Rzayev küçəsi ev 8, mənzil 41 ünvanında həyat yoldaşı Elnarə Məmmədovanı yuxudan durğuzaraq onu möhkəm döyüb, saçından yapışaraq yerdə sürüyüb, daha sonra isə bıçaqla çoxsaylı zərbələr endirərək xüsusi amansızlıqla qətlə yetirib.
Təqsirləndirilən şəxs qismində dindirilən Aydın Məmmədov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində Elnarə Məmmədova ilə 2007-ci ildə ailə həyatı qurduqlarını, birgə nikahdan iki övladları olduğunu göstərib. İfadəsində arvadını qısqanclıq zəminində qətlə yetirdiyini etiraf edən A.Məmmədov bu addımı atmasının səbəbini gördüyü yuxu ilə əlaqələndirib. A.Məmmədov ifadəsində yuxunun təsiri nəticəsində hətta bir dəfə arvadını möhkəm döydüyünü, bu səbəbdən də Elnarə küsərək bacısıgilə getdiyini və baş verənlərlə bağlı Pirallahı Rayon Polis Şöbəsinə şikayət etdiyini göstərib.
Həyat yoldaşını qətlə yetirdikdən sonra A.Məmmədov özü də intihar etmək niyyətinə düşüb. Amma bu istəyini həyata keçirə bilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydın Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə ilkin baxış iclası olub. Prosesdə onun anket məlumatları dəqiqləşdirilib, daha sonra apelyasiya şikayətini dəlilləri müəyyən edilib.
Məhkəmə baxışı iyunun 23-nə təyin edilib.
Hacı Zeynalov