Şirvan Apelyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirli bilinən Kürdəmir rayon sakini Fərhad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Fərhad Əliyev “Shacman SX” markalı yük avtomobili ilə Ələt-Astara-İran sərhədi avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən 106-cı kilometrliyində Akif Rzayevin sürdüyü “Hyundai Terracan” markalı avtomobillə toqquşub.
Nəticədə “Hyundai Terracan” markalı avtomobilin sürücüsü Akif Rzayev, avtomobildə olan azyaşlı sərnişin Kamran Rzayev, Zülfiyyə Rzayeva xəsarət alıblar.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərhad Əliyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb. Akif Rzayev, Kamran Rzayev, Zülfiyyə Rzayevanın mülki iddiası təmin edilməyib.
Hökmdən narazı qalan Fərhad Əliyev apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Həmçinin mülki iddiaçılar da apelyasiya şikayəti veriblər.
Hakim Zəki Babayevin sədrliyi ilə keçirilən prosesdə mülki iddiaçıların apelyasiya şikayəti qismən təmin edilib. Məhkəmə 4444 manat 52 qəpik miqdarında Fərhad Əliyevdən tutularaq mülki iddiaçılara verilməsi barədə qərar qəbul edilib. Fərhad Əliyevin apelyasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov