16 İyun 2015 12:16
4 870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəlbəcər rayonunda аnаdаn olmuş 1979-cu il təvəllüdlü Samirə Əliyeva Ağdaş rayon sakini Sevda Səfərovanı döyərək, ona xəsarət yetirib.

Teleqraf.com xəbər verir ki, hadisə bu il aprelin 4-də baş verib (Cinayət işində adı hallanan şəxslərin ad və soy adı şərti göstərilib-H.Z).

Samirə Əliyeva Sevda ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı Samirə onun saçından tutaraq yerlə sürüyüb və daha sonra ona 3-4 sillə vurub. Bu əməli ilə Samirə Sevda Səfərovaya xəsarət yetirib.

Bununla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılıb və Samirə Əliyevanın əməlində cinayət tərkibi olmadığı üzə çıxıb. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 38-1-ci maddəsi ilə aparılan araşdırma üzrə istintaq sənədləri Ağdaş Rayon Məhkəməsinə göndərilib.

“Guya Fatmanın kiminləsə cinsi əlaqədə olduğunu demişəm”

Məhkəmədə ifadə verən Samirə Əliyeva elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, aprelin 4-də, təxminən saat 15.00 radələrində yaşadığı kənddə bələdiyyə binasının yanında su doldurmağa gedib: “Bu zaman Fatma adlı qadın məni itələyərək yerə yıxdı və 2 dəfə təpiklə sol tərəfdən kürək nahiyəmdən vurdu. Bunun səbəbini Fatmadan soruşdum. Fatma bildirdi ki, onun barəsində nalayiq sözlər danışmışam, guya onun hansısa kişi ilə cinsi əlaqədə olmasını yaymışam”.

“Bacısı barədə niyə nalayiq sözlər danışdığımı soruşdu”

Mühakimə olunan şəxs qeyd edib ki, heç vaxt Fatma barəsində kənd camaatı arasında nalayiq sözlər danışmayıb: “Həmin vaxt orada bizdən başqa heç kimin olmayıb. Bir qədər sonra isə yaşadığım evə gəldim. Evə gəldikdən təxminən 10-15 dəqiqə sonra Fatmanın bacısı Sevda yaşadığım evə gəldi. O, nəyə görə bacısı barədə nalayiq sözlər danışdığımı soruşdu. Sevdaya bacısı Fatma barədə nalayiq sözlər danışmadığımı söylədim”.

“Sevda mənə şər və böhtan atır”

Samirə Əliyevanın sözlərinə görə, bu səbəbdən aralarında mübahisə yaranıb: “Mübahisə zamanı Sevda saçımdan bir dəfə tutaraq dartdı. Onun analığı Xanım da həmin vaxt orada olub, lakin məni vurmayıb. Zəminə təkcə bizi aralaşdırmaq üçün məni itələyib. Dava-dalaş zamanı Sevdanı vurmamışam. Sadəcə olaraq Sevda mənim saçımdan dartanda müvazinətimi itirdim. Yerə yıxılmamaq üçün istəmədən əlim bir dəfə Sevdanın baş nahiyəsinə dəyib. Dava-dalaş yaşadığım evin həyət qapısının yanında baş verib, təxminən 5-7 dəqiqə davam edib. Həmin vaxt orada bizdən başqa qonşumuz Fidan, qızı Səbirə, öz qızım Nuray və bacım oğlu Asəf olub. Yaranmış səs-küyə başqa heç kimin gəlməyib. Sevdaya heç bir xəsarət yetirməmişəm. Sevda mənə şər və böhtan atır”.

“Deyib ki, bacım fermada bir kişi ilə intim əlaqədə olur”

Zərərçəkmiş Sevda Səfərova bildirib ki, bacısı Fatma ilə həmkəndlisi Azadə adlı qadın Ağdaş rayonu Ərəbocağı kəndində yerləşən fermada işləyib. Onun sözlərinə görə, bir müddətdən sonra Samirə işdən çıxarılıb: “Samirə işdən çıxarılmasının səbəbkarının bacım Fatma olduğunu zənn edib. Buna görə də o, kənd camaatı arasında Fatma barəsində nalayiq sözlər danışıb, guya bacım fermada hansısa kişi ilə intim əlaqədə olur. Buna görə də Samirənin yaşadığı evə gedərək bacım barəsində nalayiq sözlər danışmamaq barədə xəbərdarlıq etdim. Həmin vaxt Samirə bacım haqqında heç nə danışmadığını dedi, aramızda mübahisə yarandı. Mübahisə zamanı Samirə arxadan yaxınlaşaraq saçımdan dartdı, məni yerə yıxdı. Samirə 4-5 dəfə sillə ilə baş və boyun nahiyəmə vurdu. Mən isə Samirəni həmin vaxt vurmamışam. Samirənin dedikləri yalandır. Hazırda Samirə ilə barışmamışam və ondan şikayətçiyəm”.

Məhkəmə tərəfləri dinləyəndən sonra inzibati qaydada Samirə Əliyevanın barəsində qərarı elan edib. Qərara görə, Samirə Əliyeva 500 manat miqdarında cərimə edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər