Sumqayıt Apelyasiya Məhkəməsində qızını öldürməkdə təqsirli bilinən Şamaxı rayon sakini, 1956-cı il təvəllüdlü Amil Əliyevin cinayət işi üzrə yenidən məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Amil Əliyevin qızı Günel Məmmədova 17 iyul 2013-cü il tarixdək əri Bilal Məmmədov ilə Şamaxı şəhərində yerləşən evlərdən birində kirayə yaşayıb. O, həmin gün başqa kişiyə qoşularaq qaçıb.
Günel başqa kişi ilə Bakı şəhərinə gedib. Ertəsi gün ailə üzvləri onu taparaq evinə qaytarıb. Həmin ilin avqustun 9-da Günel yenidən evdən qaçıb və rayon polis şöbəsinə gedərək orada qardaşı Alim Əliyev tərəfindən döyülməsi barədə şikayət edib.
O, polis şöbəsində ailə üzvlərinə irad tutulmasını tələb edib. Daha sonra Amil Əliyev rayon polis şöbəsindən idarə etdiyi “VAZ-21011” markalı avtomaşını ilə qızını yaşadıqları evə gətirib. Elə həmin gün, saat 12.30 radələrində evin həyətindəki çardağın altında Amil Əliyev qızından növbəti dəfə əxlaqsız hərəkətlərinə son qoymasını tələb edib.
Günel Məmmədova əxlaqsız hərəkələr etməkdən əl çəkməyəcəyini, öz həyatını bildiyi kimi yaşayacağını bildirib. Amil Əliyev bundan əsəbləşib. O, əvvəlcə qızına bir sillə vurub. Bu zaman Günel yerdən götürdüyü daşı atasının başına vurub.
Günel Məmmədovanın hərəkətləri, həyat tərzini dəyişməməsi Amil Əliyevi hiddətləndirib. Amil Əliyev qisas almaq məqsədilə qızını öldürmək qərarına gəlib. O, əvvəlcə Günel Məmmədovanın yerə atdığı daşı götürərək onun baş nahiyəsinə bir zərbə vurub. Günel aldığı zərbədən yerə yıxılıb. Bunun ardınca Amil Əliyev doğma qızını döyə-döyə, daha sonra isə bıçaqla vuraraq öldürüb.
Amil Əliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Amil Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Amil Əliyev və onun vəkili apelyasiya şikayəti verib. Vəkil müdafiə etdiyi şəxsin cəzasının yüngülləşdirilməsini istəyib.
Şikayət araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Amil Əliyevin apelyasiya şikayəti qismən təmin edilib və hökm dəyişdirilib. Amil Əliyevin cəzası 8 ilə endirilib.
Amil Əliyevin cəzasının yüngülləşdirilməsi ilə bağlı verilən qərardan Baş Prokurorluq narazı qalıb və kasasiya protesti verib. Prokurorluğun protestinə baxan Ali Məhkəmənin hakimləri apelyasiya instansiyasının qərarını ləğv ediliblər və işə yenidən baxılması barədə qərar qəbul ediblər.
Bu səbəbdən Amil Əliyevin barəsində olan cinayət işi yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Cinayət işi hakim Mübariz Zeynalovun sədrlik etdiyi kollegiyada araşdırılır. Prosesdə Amil Hacıyevin anket məlumatları dəqiqləşdirilib və daha sonra tərəflərin apelyasiya şikayətlərinin dəilləri müəyyən edilib.
Məhkəmə baxışı iyunun 19-nə təyin edilib.
Hacı Zeynalov