17 İyun 2015 17:13
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə qonşusunu öldürməyə cəhd edəni cəzalandırdı

Şirvan Apelyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan Biləsuvar rayon sakini, 1973-cü il təvəllüdlü Emin Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Emin Bayramov 2013-cü ilin 13 avqustunda Biləsuvar rayonunun Ağalıkənd kəndində olan pay torpağında əkdiyi sahənin suvarılması ilə əlaqədar həmin sahəyə gedib. Qardaşı oğlu Yadigar Bayramovu qonşuluqda pay torpağı olan Eldar Dadaşovun suvarma suyu üstündə əli ilə vurduğunu görüb.

O, Eldar Dadaşova yaxınlaşaraq mübahisə edib, söyüşüblər. Avqustun 21-də, saat 18 radələrində Emin Bayramov kənd çayxanasına gəlib, həyətdə tanışlarla birlikdə pivə içib. Bu zaman əvvəllər şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə səbəbindən ədavətli münasibətdə olduğu həmkəndlisi Eldar Dadaşov da çayxananın həyətinə gəlib.

Eldar onu bir neçə gün əvvəl baş vermiş narazılığı aydınlaşdırmaq məqsədilə çayxanadan kənara çağırıb. Emin çayxananın həyətinə olan giriş-çıxış qapısından kənara çıxıb. Mübahisə zamanı Eldar Emin Bayramovu əl və yumruqla sifət nahiyəsindən vurub. Onlar əlbəyaxa olublar. Bu zaman Emin Bayramov üzərində gəzdirdiyi bıçaqla Eldar Dadaşovu vurub. Çoxsaylı bıçaq xəsarəti alan Eldar Dadaşov yaxınlıqda olan şəxslər tərəfindən rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Tibbi yardım nəticəsində Eldar Dadaşovun həyatı xilas edilib.

Su üstündə mübahisə

Emin Bayramov Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Emin Bayramov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə Emin Bayramov bildirib ki, Eldar Dadaşova özünü müdafiə məqsədi ilə bıçaqla xəsarət yetirməsinə görə özünü təqsirli bilir: "Lakin Eldarı öldürmək fikrim olmayıb. Onunla qonşuyuq, əvvəllər münasibətlərimiz yaxşı olub. Pay torpaqlarımız da qonşuluqda yerləşir.
Bu hadisədən təxminən 10 gün qabaq pay torpağımda əkdiyim xiyar tağlarını suvarmaq üçün axar suyu sahəyə açdırmışdım və qardaşım oğlu Yadigarı sahəyə göndərdim ki, sahəni suvarsın. Yadigar sahəni suvararkən Eldarla mübahisə edib. Mən sahəyə çatanda qonşum Eldarın qardaşım oğlu Yadigarı döydüyünü gördüm. Buna görə Eldarla mübahisə elədik, onu döydüm. Bu hadisədən sonra Eldarla görüşməmişəm. Onu uzaqdan görsəm də, hər hansı söhbətimiz olmayıb".

"Mənə nalayiq sözlər dedi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, avqustun 21-də, saat 18 radələrində həmkəndlisi, traktorçu Nəsimi ilə Lətifin çayxanasında görüşüblər: "Nəsimi ilə birlikdə pay torpaq sahələrinə gedib əkinə azot verməyə razılaşdıq. Sonra adama bir bakal pivə sifariş elədik. Həmin vaxt Eldarın atası yanımızdan keçdi, arxasınca isə Eldar mağaza tərəfdən gəldi.

Eldar çayxana ilə su kanalının arasındakı ensiz yerdə, divarın tinində dayandı. Əli ilə işarə verərək məni çağırdı. Onun yanına getdim, görüşmək üçün əl uzatdım. Lakin o, görüşmədi, bir əli ilə qolumdan tutdu və dartmağa başladı. Eldar mənə "səni belə-belə edərəm" deyərək nalayiq sözlər işlətdi. Yumruqla sifətimə və başıma vurdu".

"Bıçağı polisə təqdim etdim"

Emin Bayramov qeyd edib ki, özünü müdafiə etmək üçün Eldarla əlbəyaxa olub: Amma Eldar məndən cavan və güclü olduğu üçün, həm də həmin gün işlədiyimə görə çox yorulduğumdan ona gücüm çatmadı. Bu vəziyyətdə dartınaraq Eldarın əlindən çıxdım. Ancaq o, yenidən üstümə gəldi. Eldara gücüm çatmayacağını və onun məni döyəcəyini anladım, onu özündən uzaqlaşdırmaq üçün şalvarının cibində olan cib bıçağını çıxararaq tiyəsini açdım və ona bir zərbə vurdum. Bıçağın Eldarın harasına dəydiyini bilmədim.

Eldar "məni bıçaqla vurdun" deyərək qışqırdı. Ondan aralanıb öz mağazamıza tərəf getdim. Səs-küyə çayxananın həyətində olan adamlar hadisə yerinə gəldilər. Köynəyim cırıldığından evimə getdim. Əynimə başqa köynək geyindim, polis şöbəsinə getmək üçün qardaşım Nurlana zəng etdim, amma onun telefonuna zəng çatmadı. Qardaşımın yanında olan Şahmara zəng vurdum, onun telefonu ilə Nurlanla danışdım. Hadisə törətdiyimi bildirdim, kəndə gələrək məni polisə aparmasını istədim. Az keçmiş Şahmarın idarə etdiyi maşınla Nurlan gəldi. Birlikdə könüllü olaraq rayon polis şöbəsinə getdim. Eldarı bıçaqla vurduğumu və könüllü olaraq polis şöbəsinə təslim olmağa gəldiyimi dedim. Bıçağı polisə təqdim etdim".

Emin Bayramov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilməsini istəyib. O, əməlini Cinayət Məcəllənin 130.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinməsini və ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş edib.

"Münaqişə Eldar Dadaşovun təşəbbüsü ilə başlayıb"

Emin Bayramovun vəkili Pənah Muradov çıxışında bildirib ki, birinci instansiya məhkəməsinin hökmü cinayət qanunu normasını düzgün tətbiq etməyib. Vəkilin fikrincə, təyin edilmiş cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığından dəyişdirilməlidir: "Emin Bayramovun məqsədi Eldar Dadaşovu vurmaq, xəsarət yetirmək olmayıb. Münaqişə Eldar Dadaşovun təşəbbüsü ilə başlayıb. Onun özü Emin Bayramovu çağırıb, təhqir edib, əlində olan çay daşı ilə onu vurmağa başlayıb.

Emin onun əlindən çıxaraq qaçmağa cəhd etsə də, Eldar buna imkan verməyib. Eldar onu təqib edib, yenidən tutaraq yerə yıxıb və vurmağa başlayıb.

Emin həmin gün qardaşının tikdirdiyi evdə ustaya mişar daşları daşıdığından yorulumuş vəziyyətdə olub, fiziki cəhətdən həmin anda Eldara münasibətdə zəif olmaqla gücü çatmayıb. Eldarın əlindən xilas olmaq üçün məcburiyyət qarşısında qalaraq özünü bıçaqla müdafiə edib".

Vəkil qeyd edib ki, Emin Bayramov yaşayış yeri üzrə müsbət xarakterizə olunub: "Uzun müddətə azadlıqdan məhrum edilməsi onun ailə üzvlərinə əlavə məhrumiyyətlər gətirib ki, bu da cəzanın məqsədinə müvafiq deyil. Bundan əlavə, hadisədən dərhal sonra könüllü olaraq özünü polis orqanına təqdim edib. Məhkəmə hökmdə Emin Bayramov barəsində yüngülləşdirici halları göstərsə də, cəza təyin edərkən həmin xüsusatlar nəzərə alınmayıb".

Dövlət ittihamçısı Siyavuş Sadıqov apelyasiya şikayətinin dəlilləri ilə razı olmadığını deyib. Tərəfləri dinləyən hakim heyəti sonda Emin Bayramovun cəzasının yüngülləşdirilməsi barədə şikayətini təmin etməyib.


Müəllif:

Oxşar xəbərlər