Sumqayıtda 10 manata görə qonşusunu öldürən şəxs cəzadan narazı qalıb
Sumqayıt Apelyasiya Məhkəməsində qonşusunu öldürməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Vüsal Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, ötən il dekabrın 8-nə keçən gecə, saat 01.30 radələrində Sumqayıtın 41-ci məhəlləsindəki 2 saylı yataqxananın arxasında, üzərində zorakılıq əlamətləri olan Laçın rayon sakini, 1990-cı il təvəllüdlü Toğrul Astanovun meyiti tapılıb. Həmin gecə cinayəti törədən Vüsal Xəlilov könüllü olaraq 3-cü polis bölməsinə gələrək, təslim olub.
İstintaqla müəyyən olunub ki, dekabrın 7-si axşam saat 23 radələrində məhəllədəki çayxanada Vüsalla Toğrul arasında 10 manata görə mübahisə yaranıb. Vüsal Xəlilov bir müddət əvvəl Astanova borc verib və həmin gecə pulunu geri istədikdə, sonuncu borcunu qaytardığını iddia edib, əvvəl çayçıda, sonra isə küçədə yumruq və təpik ataraq ona xəsarətlər yetirib. Vüsal evə qalxaraq məişət bıçağı götürüb və geri qayıdıb. O, Toğrula münasibətlərə aydınlıq gətirməyi təklif edib və birlikdə avtomobil yollarının arasında yerləşən xiyabana gəliblər.
Orada Vüsal Xəlilov qəflətən Astanovun sol döş nahiyəsinə bıçaq zərbəsi endirərək öldürüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Vüqar Xəlilov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə Vüsal Xəlilov elan olunan ittiham üzrə özünü tam təqsirli bilib. O, deyib ki, həmin gün axşam çayxanada bir neçə bakal pivə içib və sonra baş verənləri tam yadında saxlaya bilməyib: “Çayxanaya gələn Toğrul mənə sataşmağa başladı, məndən aldığı 10 manatı qaytardığını bildirdi. O, başqa uşaqların yanında bunu boynuma qoymaq istədi. Ona pulu qaytarmadığını dedim. Bu səbəbdən Toğrul var-yox söyüşü söydü. Məndən fiziki cəhətdən güclü olduğu üçün Vüsala cavab vermədim və uşaqların yanında çox pərt oldum”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, çayxananın sahibi dava-dalaş olacağından ehtiyatlandığı üçün obyekti bağlayıb: “Çölə çıxdıqda Toğrul Astanov mənə əl-qol ataraq, xəsarətlər yetirdi. Əsəbiləşdiyim üçün evə qalxdım. Anam yatdığı üçün mətbəxdən bıçağı götürərək aşağı düşdüm. Toğrulla yataqxananın arxasına çəkildik. Toğruldan məni başqa uşaqların yanında alçaltmamağı və söyməməyi xahiş etdim. Cavabında yenə məni söydü. Bu sözləri götürə bilmədiyim üçün bıçağa əl atdım. Toğrulun ürək nahiyəsinə qüvvətli zərbə endirdim və kəsici aləti tullayaraq, 3-cü polis bölməsinə getdim. Bölmədə qətl törətdiyimi deyərək təslim oldum”.
Zərərçəkmişin hüquqi varisi Cəmşid Astanov bildirib ki, dekabrın 7-də, gecə 2 radələrində telefonla ona Toğrulun “Emil market”in qarşısında bıçaqlandığını deyiblər: “Sinəsindən yaralanan qardaşımı həkimlərlə birlikdə xəstəxanaya çatdırsaq da, növbətçi həkim onun artıq keçindiyini bildirdi”.
Məhkəmə iclası iyunun 24-də davam etdirilcək.
Hacı Zeynalov