Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Bakı şəhər sakini İman Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, “RUM” Mənzil-Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərə yol vermələri barədə müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı kooperativin icraçı direktoru İman Hüseynovun “RUM” MTK-nın direktoru vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edərək Xətai rayonunda inşa edilmiş çoxmərtəbəli yaşayış binasındakı mənzilləri başqa şəxsə satması, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsi üzə çıxıb.
Belə ki, Xətai rayonu, M.Hadi küçəsi 41 saylı ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satmaqla 185 min 550 manat məbləğində vəsaitin özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirilməsində şübhələr üçün əsaslar olduğundan cinayət işi başlanıb.
İman Hüseynov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (cəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.
Hakim Mayıl Bayramov sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı iyunun 24-ə təyin edilib.
Hacı Zeynalov