19 İyun 2015 17:01
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sürücülük məktəbinin direktorunun apelyasiya şikayəti təmin edilmədi

Sumqayıt Apelyasiya Məhkəməsində rüşvət almaqda təqsirli bilinən Tahir Qüvvətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ittihama görə, Tahir Qüvvətov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin tabeçiliyində “Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı mərkəzi” MMC-nin Siyəzən rayon filialının direktoru vəzifəsində işləyərkən 2013-cü ilin iyun ayında rəhbərlik etdiyi qurumun sürücülük kurslarında təlim ustası kimi işə qəbul olunması üçün müraciət etmiş Siyəzən rayon sakini Vüsal Mürsəliyevdən işə götürməsi müqabilində 1000 manat istəyib. O, bir neçə gündən sonra həmin məbləği cəmiyyətin Siyəzən rayonunda yerləşən inzibati binasında Vüsal Müsrəliyevdən alarkən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Tahir Qüvvətov Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Tahir Qüvvətov apelyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Apelyasiya instansiyasında işə hakim Fərmayıl Zeynallının sədrlik etdiyi kollegiyada baxılıb.

Məhkəmədə ifadə verən Tahir Qüvvətov bildirib ki, 13 fevral 2012-ci il tarixdə onun rəhbərlik etdiyi məktəb Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı mərkəzi” MMC-nin tabeçiliyinə keçib: “Məktəbin adı dəyişdirilərək həmin cəmiyyətin Siyəzən rayon filialı kimi təsdiq edilib. Filial əsasən hərbi və mülki şəxslər üçün sürücülük məktəbi kimi fəaliyyət göstərib”.

“1000 manatı borc kimi almışam”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Vüsal Mürsəliyevi 2009-cu ildən tanıyıb: “Vüsal rəhbərlik etdiyim məktəbin sürücülük kursunu bitirib. 2013-cü ilin iyun ayında o, işsiz olduğunu bildirdi, rəhbərlik etdiyim məktəbdə hər hansı boş iş yerinin olub-olmaması ilə maraqlandı. Vüsala hazırda boş yer olmadığını və yer olacağı təqdirdə işə götürə biləcəyimi dedim. Həmin vaxt pula ehtiyacım olduğundan Vüsaldan 1000 manat borc istədim. Vüsal da etiraz etmədi, 1000 manatı xidməti otağımda təklikdə mənə verdi. Həmin pulu qaytaracağıma dair Vüsala söz verdim. Həmçinin bildirdim ki, imkan olan kimi onu təmənnasız işə götürəcəm”.

Tahir Qüvvətov qeyd edib ki, 2013-cü ilin dekabr ayında Vüsal həyat yoldaşı Aynurə ilə birlikdə ona verdiyi pulu geri tələb edib: “Təxminən 15 gündən sonra, yəni 2013-cü ilin dekabr ayının sonlarında xidməti otağımda 1000 manatı Vüsala qaytardım”.

Tahir Qüvvətov həmçinin ifadəsində göstərib ki, Vüsal Mürsəliyevi işə götürmək məqsədi ilə ondan pul istəməyib və almayıb.

“Məndən 1000 manat rüşvət tələb etdi”

Şahid qismində ifadə verən Vüsal Mürsəliyev deyib ki, 2009-cu ildə Siyəzən rayonunda yerləşən sürücülük məktəbinə müraciət edib və sürücülük kursunda təhsil alıb: “Elə həmin vaxt məktəbin direktoru Tahir Qüvvətovla münasibətim yaranıb, müəyyən vaxtdan sonra münasibətlərimiz daha da yaxşılaşıb. Heç yerdə işləmədiyimdən özümə iş axtarmışam.

2013-cü ilin may ayında Tahir Qüvvətova müraciət edərək sürücülük məktəbində boş iş yerinin olub-olmaması ilə maraqlandım. O, rəhbərlik etdiyi məktəbin sürücülük kursları üzrə sürmə-təlim ustası vəzifəsinin boş olduğunu dedi. Həmin işə götürülməyimi xahiş etdim. Tahir Qüvvətov məni işə götürməyə razılıq verdi və bunun üçün məndən 1000 manat rüşvət tələb etdi”.

“Əməkhaqqım 300 manat olacaqdı”

Şahidin sözlərinə görə, 1000 manatı Tahirə verəcəyini vəd edərək bunun üçün bir neçə gün vaxt istəyib: “Özümə məxsus bir iri buynuzlu heyvanı satdım və “FİNCA” kredit təşkilatına müraciət edərək kredit götürdüm. 2013-cü ilin iyun ayının sonunda 1000 manatı Tahir Qüvvətova vermək üçün sürücülük məktəbinə getdim. Tahir Qüvvətov məni öz xidməti otağında qəbul etdi. Özümlə gətirdiyim 1000 manatı Tahirə verdim.

Həmin vaxt Tahir Qüvvətov vəd verdi ki, yaxın vaxtlarda məni işə qəbul edəcək. Tahirin deməsinə görə, təlim ustası kimi aylıq əmək haqqım təxminən 300 manat olacaqdı. Lakin bir neçə ay keçməsinə baxmayaraq Tahir Qüvvətov məni işə götürmədi. Bir neçə dəfə ona müraciət etdim, işlə maraqlandım. Hər dəfə müxtəlif sözlərlə mənə vədlər verərək qısa bir müddətdə işə götürüləcəyimi bildirdi. Nəhayət, Tahirin məni işə götürmədiyini gördüm və verdiyim pulu geri tələb etdim. Aldığı 1000 manatı qısa bir zamanda qaytaracağını bildirsə də, yenə vədindən yayınırdı”.

Şahid daha sonra qeyd edib ki, 2013-cü ilin dekabr ayında həyat yoldaşı Aynurə Mürsəliyeva ilə birlikdə sürücülük məktəbinə gedib və Tahirin xidməti otağında verdiyi pulu tələb ediblər: “Yenə pulu qaytaracağını dedi, amma vədinə əməl etmədi. Məcbur qalaraq Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “161 qaynar xətt” əlaqə mərkəzinə zəng vurdum, Tahir Qüvvətovun qanunsuz əməllərindən şikayət etdim.

Bundan təxminən bir ay sonra, yəni 2014-cü ilin yanvar ayında Tahir Qüvvətov məni xidməti otağına çağırdı. O, işə götürülməyim üçün bütün məsələləri həll etdiyini, lakin mənim şikayətimin problem yaratdığını bildirdi. Buna görə də məni işə götürə bilmədiyini dedi və aldığı 1000 manatı tam şəkildə geri qaytardı”.

“Bu, rüşvət olmayıb...”

Təqsirləndirilən şəxsin vəkili Samir Həsənov deyib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmün ləğv edilərək Tahir Qüvvətov barəsində bəraət hökmü çıxarılmalıdır. Müdafiəçinin fikrincə, Tahir Qüvvətovun Vüsal Mürsəliyevi işə düzəldəcəyi ilə bağlı dediyi sözlər yalnız 1000 manatı ondan almaq məqsədi daşıyıb: “Tahir Qüvvətov Vüsal Mürsəliyevə işə düzəlmənin nəqliyyat vasitəsinin təmirindən sonra mümkün olması barədə yalanı da ona görə deyib ki, həmin müddət ərzində aldığı pulu geri qaytarmaq imkanı olsun. Məhkəmənin gəldiyi nəticəni əsassızdır və yalnız subyektiv mülahizəyə əsaslanıb. İstər ibtidai istintaq, istərsə də məhkəmə tərəfindən təqsirləndirilən şəxsin vəzifəli şəxs olmasına baxmayaraq Vüsal Mürsəliyevdən məhz rüşvət məqsədi ilə pul almasını təsdiq edən hər hansı sübut əldə edilməyib”.

Prosesdə çıxış edən prokuror Teymur Əsədov apelyasiya şikayətinin dəlillərinə etiraz edib. O, müdafiə tərəfinin apelyasiya şikayətinin təmin edilməməsini istəyib.

Tərəfləri dinləyən hakim heyəti sonda apelyasiya şikayətini təmin etməyən qərarı açıqlayıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər