Şəki Apelyasiya Məhkəməsində Mingəçevir şəhər sakini, 1989-cu il təvəllüdlü Tural Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Teleqraf.com xəbər verir ki, Tural Əliyev 16 sentyabr 2014-cü il tarixdə, gecə saat 2 radələrində Mingəçevir şəhərində yerləşən çayxanada dostu Orxan Mirzəyevlə pivə içib.
Həmin vaxt şəhər sakinləri Tural Əliyev, onun dostu Orxan Mirzəyev və Yevlax rayonunun Havarlı kənd sakini Elgün Məddiyev arasında “musiqi dinləmək” üstə mübahisə düşüb. Çayxanada olanlar onları aralayaraq mübahisənin davaya çevrilməsini önləyiblər.
Elgün Məddiyev avtomaşını ilə öz kəndinə yola düşüb. Tural Əliyev də öz maşınında dostu Orxanla birlikdə Elgün Məddiyevin arxasınca Havarlı kəndinə gediblər.
Havarlı kəndinə gedən yolda Tural Əliyev sərxoş vəziyyətdə idarə etdiyi avtomaşını Elgün Məddiyevin avtomaşınının hərəkət zolağına sürüb, qarşısını kəsərək onu dayanmağa vadar edib. Tural və Orxan avtomaşından düşərək Elgünə hədə-qorxu gəliblər. Elgün Məddiyevin üstünə gedərək “bayaq pivəxanada bizimlə mübahisəyə nə hədlə cəsarət etdin” bəhanəsi ilə onu nalayiq söyüşlərlə söyüb, təhqir ediblər.
Tural Əliyev pivə şüşəsindən silah qismində istifadə edərək Elgün Məddiyevin sifətindən vurub. İki dost Elgünün avtomaşınını təpikləyərək qabarit işıqlarını sındırıblar. Onlar hadisənin qarşısını almağa çalışan Elmir Alıyev və Daşlar Həsənova da zor tətbiq ediblər.
“Xidmətçiyə dedim ki, maqnitafonun səsini azaltsın”
Tural Əliyev Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa xəsarət yetirmə), 221.3-cü (xuliqanlıq), Orxan Mirzəyev isə həmin məcəllənin 221.3-cü maddəsi ilə təqsirli biliniblər. Yevlax Rayon Məhkəməsinin hökmü ilə Tural Əliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Orxan Mirzəyev barəsində isə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilərək, ona şərti cəza verilib.
Hökmdən narazı qalan Tural Əliyev apelyasiya şikayəti verərək barəsində olan cəzanın şərti hesab edilməsini istəyib. Onun şikayəti baxılmaq üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə Tural Əliyev bildirib ki, sentyabrın 16-da, saat 00.30-da Orxanla Mingəçevir şəhərində 17 nömrəli məktəbin yaxınlığındakı çayxanaya gedib: “Orada Elgünün, Dağların, Elmirin və İlhamın stol ətrafında oturaraq pivə içdiklərini gördüm. Həmin çayxana bizim yaşadığımız binaya yaxındır. Çayxanada xidmətçi işləyən cavan oğlana dedim ki, maqnitafonun səsini azaltsın. Bu sözümə Elgün Məddiyev narazılıq etdi, aramızda mübahisə yarandı. Çayxanada mübahisə etsək də, bir-birimizə söyüş söyməmişik”.
“Dedi ki, gəlin qəbiristanlığa söhbət edək”
Təqsirləndirilən şəxsin sözlərinə görə, Elgüngillə birlikdə çayxananın həyətinə düşüblər: “Həmin vaxt Dağlar Elgünə əsəbləşərək ondan avtomaşına oturaraq getməyi tələb edib. Elgün gedəndə mənə və Orxana dedi ki, əgər kişisinizsə gəlin Hacısellinin qəbirstanlığına, söhbət edək. Gəlməyənin var yoxunu biədəb sözlərlə söyərək avtomaşını sürdü.
Elgün Elmirlə Dağları orada qoyaraq getdi. Onları öz avtomaşınımla Havarlı kəndinə aparanda kefimizin korlandığını dedim. Buna görə Dağlara geri qayıdaraq Mingəçevir şəhərinin girəcəyindəki internet klubda vaxt keçirməyi təklif etdim. Dağlar və Elmir təklifimi qəbul etdikləri üçün geriyə, maşını Mingəçevir şəhəri istiqamətinə sürdüm. Gecə təxminən saat 2 radələrində Mingəçevir şəhərinə qayıdarkən, Havarlı kəndində qarşı tərəfdə Elgünün avtomaşının gəldiyini gördüm. Maşını Elgünün qarşısına verərək saxladım. Əlimdə pivə içdiyim butulkası ilə yerə düşdüm.
Yerə düşərkən Elgünü vurmaq niyyətim olmayıb. Ondan soruşdum ki, bayaq çayxanada niyə söyüş söyürdün? Bu zaman Elgün əlindəki çəkiclə mənə vurdu. Geri çəkildiyim üçün çəkic mənə dəymədi. Yalnız bundan sonra pivə şüşəsi ilə Elgünü vurdum.
Оrxan, Dаğlаr, İlhаm bizi аrаladı və biz oradan getdik. Elgünlə mübahisə etməmək üçün onun çağırdığı qəbiristanlığa getmədim, tam təsadüf nəticəsində onunla Havarlı yolunda rastlaşdım. İstəmədiyim halda belə bir hadisə baş verdi.
Hadisədən sonra əməlimdən peşman olmuşam. Elgün Məddiyevlə razılıq əldə edərək onun barışmışam, ona dəyən ziyanı ödəmişəm. Hаzırdа zərərçəkmiş şəxsin məndən heç bir şikayət və tələbi yoxdur. Apelyasiya şikayətimin təmin edilməsini və barəmdə olan cəzanın şərti tətbiq edilərək, azadlığa buraxılmağımı xahiş edirəm”.
Vəkil: “Çayxanada deyişməyiblər”
Tural Əliyevin vəkili Çingiz Məmmədov apelyasiya şikayətinin təmin edilməsini istəyib. O, bildirib ki, müdafiə etdiyi şəxs həm ibtidai istintaqda, həm də məhkəmə baxışında təqsirini boynuna alıb: “Ancaq nəzərə almaq lazımdır ki, nə Tural Əliyevin, nə də Orxan Mirzəyevin əməlində xuliqanlıq cinayət tərkibi, yəni Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunan əməllər olmayıb. Çünki onlar heç bir ictimai qaydanı pozmayıblar. Çayxanada deyişməyiblər, bir-birini biədəb söyüşlə söyməyiblər. Yevlax rayonunun Havarlı kəndinin girəcəyində, yəni kənddən çox uzaqda hadisə baş verib. Bu isə ictimai yer sayılmır.
Ancaq bütün bunlara baxmayaraq, məhkəmə hər iki maddə ilə cəza təyin edib. Əsas şərtlərdən biri də odur ki, Tural Əliyev həm istintaqda, həm də məhkəmə baxışında işin araşdırılması üçün bütün məlumatları verib. Hər bir halda, hətta belə olmasa da, məhkəmə cəza verərkən Tural Əliyevin əməlinə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək ona təyin olunan cəzanı şərti olaraq tətbiq edə bilər”.
Vəkil qeyd edib ki, ədalət mühakiməsinin əsas məqsədi cinayət törətmiş şəxsləri islah etməkdir: “O vaxt ciddi cəza təyin olunur ki, şəxs öz günahını etiraf etməsin, törətdiyi əməlin mahiyyətini başa düşməsin. Ancaq işin materiallarından görünür ki, Tural Əliyev öz cinayətini başa düşüb, etiraf edib və zərərçəkmiş şəxslə barışıb. Zərərçəkmiş şəxsə dəymiş ziyan təqirləndirilən şəxs tərəfindən ödənilib. İş üzrə cəzanı ağırlaşdıran hallar yoxdur, yalnız yüngülləşdirən hallar mövcuddur. Həmçinin bu, Tural Əliyevin ilk cinayətidir. Onun himayəsində bir azyaşlı övladı var”.
Dövlət ittihamçısı Rəhim Xudiyev apelyasiya şikayətinə etiraz edərək bildirib ki, birinci instansiya məhkəməsi törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Tural Əliyevin şəxsiyyətini və cəzanı yüngülləşdirən halları nəzərə alaraq ona ədalətli cəza təyin edib. O, Yevlax Rayon Məhkəməsinin hökmünün dəyişdirilməməsini istəyib.
Zərərçəkmiş Elgün Məddiyev deyib ki, Tural Əliyevlə barışıb, ondan heç bir şikayəti yoxdur.
Hakim heyəti təqsirləndirilən şəxsin apelyasiya şikayətinin təmin edilməsi barədə qərar elan edib. Qərara görə, Tural Əliyevə təyin edilmiş cəzadan 8 ay 2 gün çıxılıb, onun barəsində qalan cəza isə şərti hesab edilib.
O, məhkəmə zalından azadlığa buraxılıb.
Hacı Zeynalov