“İki azyaşlı övladı olan ananın həkim səhlənkarlığı üzündən ölməsi qəbuledilməz, bağışlanmaz cinayətdir”.
Bu sözləri Axar.az-a millət vəkili Aqil Abbas həkim səhlənkarlığı üzündən dünyasını dəyişmiş BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölüm işi ilə bağlı Nəsimi Rayon Məhkəməsinin çıxardığı hökmü şərh edərkən deyib.
Millət vəkilinin fikrincə, Elnarə Tofiqqızının ölümüylə bağlı cinayət işinə məhkəmə yenidən baxmalı və ədalətli hüquqi qiymət verməlidir:
“Elnarə Tofiqqızının ölüm işi ilə bağlı gedən bütün prosesləri izləmişəm. Və deyə bilərəm ki, nə prosesin gedişindən, nə də məhkəmə hökmündən razı qalmışam. Hadisə də gözümüzün qarşısında baş verib, proses də gözümüzün qabağında getdi. Belə bir haqsız qərarı heç kəs qəbul edə bilməz. Mən Elnarə xanımın jurnalist Anar Niftəliyevin həyat yoldaşı olmasını da, xanımın özünün tənqidçi, müəllim olmasını, hətta onun cəmiyyətdə kifayət qədər tanınmasını da bir kənara qoyuram. Məsələ ondadır ki, bir ana ölüb, öldürülüb. Onun məşhur olması, tənqidçi olması, kimin həyat yoldaşı olmasının heç bir əhəmiyyəti yoxdur. İki azyaşlı övladı olan bir ananın həkim səhlənkarlığı üzündən ölməsi qəbuledilməz, bağışlanmaz cinayətdir. Bunun qarşılığında verilən belə ədalətsiz qərarla heç kəs razılaşa bilməz. Mən məhkəmə hökmü ilə qətiyyən razı deyiləm. Hesab edirəm ki, işə yenidən baxılmalı, cəza tətbiq edilən zaman iki azyaşlı övladı olan bir ananın öldüyü nəzərə alınmalıdır”.
Qeyd edək ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib.
Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə hakim Şəlalə Həsənova Cinayət Məcəlləsinin 124.1 (səhlənkarlıqdan ölümə səbəb olma) və 320.1 (məsuliyyətdən azad olunmaq üçün bilə-bilə sənədlərə saxta məlumatlar daxil etmə) maddələri ilə təqsiri sübuta yetirilən anestezioloq Firuz İbrahimova cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, 2 il cəza verib.
Hazırda F.İbrahimov həkim fəaliyyətini davam etdirir və həbs edilməyib.
Zərərçəkən tərəf Nəsimi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib.