Şəki Apelyasiya Məhkəməsində cəza çəkmə müəssisəsinə qanunsuz əşya keçirməkdə təqsirli bilinən Ukrayna Respublikasının Odessa şəhərində anadan olmuş 1984-cü il təvəllüdlü Şixamir Şixamirovun cinayət işinə baxılıb.
Teleqraf.com xəbər verir ki, 2014-cü ilin martın 7-də Şəki Penitensiar müəssisəsinin İstintaq təcridxanasına saxlanılan Şixamir Şixamirovun əşyalarına və üzərinə baxış keçirilib. Baxış zamanı onun əynində olan gödəkçənin cibindən bir ədəd “Nokia” markalı mobil telefon aparatı və “Nar” danışıq kartının qırıqları aşkar edilərək götürülüb.
Qeyd edək ki, Şixamir Şixamirov Cinayət Məcəlləsinin 221.2.1, 221.3, maddələri ilə təqsirli bilinib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apelyasiya Məhkəməsi həmin hökm üzrə cəzanı 2 ilə endirib.
“Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları” barədə qanunu pozduğu üçün onun barəsində 317.2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham verilib.
Şəki rayon Məhkəməsinin hökmü ilə Şixamir Şixamirovun əvvəlki cəzası da birləşdirilərək, onun barəsində qəti olaraq 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.
Hökmdən narazı qalan Şixamir Şixamirov apelyasiya şikayəti verərək daha yüngül cəzanın verilməsini xahiş edib.
Hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan edilib. Qərara görə, Şixamir Şixamirovun apelyasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov