Sumqayıt Apelyasiya Məhkəməsində uşağına ayrılan pulu ödəməkdən boyun qaçıran Quba rayon sakini, 1985-ci il təvəllüdlü İsa Əliyevin məhkəməsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, İsa Əliyev Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həyat yoldaşı Sona Hüseynovadan boşanıb. Məhkəmənin qərarı ilə onların birgə nikahlarından olan 8 iyun 2006-cı il təvəllüdlü oğlu Musa Əliyevin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 35 manat miqdarında aliment ödənilməsi barədə qərar verilib.
Həmin məhkəmənin qərarı 22 may 2007-ci ildə qüvvəyə minib və buna baxmayaraq İsa Əliyev qəsdən pulu ödəməkdən boyun qaçırıb. Bu səbəbdən Sona Hüseynova Quba Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə İsa Əliyevi İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə təqsirli bilinərək rəsmi qaydada xəbərdarlıq olunub.
Ona məsuliyyət xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 15 sentyabr 2014-cü il 2747 manat miqdarında aliment borcunu ödəməməklə məhkəmənin məlum qətnaməsini qərəzli olaraq icra etməyib.
İsa Əliyev Cinayət Məcəlləsinin 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsi ilə ittiham edilib və Quba Rayon Məhkəməsinin hökmü ilə qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Hökmdən Baş Prokurorluq narazı qalaraq apelyasiya protesti verib. Prokurorluq İsa Əliyevin cəzasının ağırlaşdırılmasını istəyib.
Hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən prosesdə prokurorluğun protesti təmin edilib və Quba Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Yeni hökmə əsasən, İsa Əliyevin barəsində 1 il müddətinə azadlıqdan məhrum edilib.
İsa Əliyevin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib və onun barəsində həbs qətimkan tədbiri seçilib, məhkəmə zalından həbs edilib.
Hacı Zeynalov