25 İyun 2015 18:27
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan Apelyasiya Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Lənkəran rayon sakini, 1988-ci il təvəllüdlü Gülər İbrahimovanın cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Gülər İbrahimova qazanc əldə etmək üçün İran İslam Respublikasında olarkən şəxsiyyəti istintaqa məlum olmayaniranlıdan 9,117 qram olan tiryək və 9,845 qram olan külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib.

O, narkotik vasitəni 23 avqust 2014-cü ildə düz bağırsağında gizlətməklə Dövlət Sərhəd Xidmətinin Astara rayonunda yerləşən N saylı hərbi hissənin “Astara” sərhəd nəzarəti məntəqəsindən gizli keçirmək istəyib. O, Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Astara rayon Mərkəzi Xəstəxanasında həkim müayinəsi zamanı həmin narkotik vasitə olan tiryək və külli miqdarda psixotrop maddə olan metamfetamin onun düz bağırsağından aşkar edilərək götürülüb.

Gülər İbrahimova Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Gülər İbrahimova apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə Gülər İbrahimovanın apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Gülər İbrahimovanın apelyasiya şikayəti qismən təmin edilib. Məhkəmə onun cəzasını 4 ilə endirib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər