Bakı Apelyasiya Məhkəməsində adam öldürməkdə təqsirli bilininən 1978- ci il təvəllüdlü Samur Həsənovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, ötən ilin iyulun 12-də Biləcəri qəsəbəsində peşəkar boksçular arasında dava düşüb. Dava zamanı 33 yaşlı Fərid Həsənov, onun 37 yaşlı qardaşı Şəhriyar bıçaqlanıb. Bıçaq Fəridin arterial qan damarını kəsdiyindən həyatını xilas etmək mümkün olmayıb. Şəhriyar isə xəstəxanaya yerləşdirilib.
Qardaşları bıçaqlayan Samur Həsənov da peşəkar boksçudur. Dövlət orqanlarından birində mühafizəçisi işləyən Samurla qardaşlar arasında mübahisə düşüb. Mübahisəyə isə deyilənə görə, tərəflərdən birinin digərinin arxasınca danışması səbəb olub. Mübahisə zamanı onlar bir-birinə qarşılıqlı söyüş söyüblər. Bu zaman Samur cibindəki bıçağı çıxararaq qardaşları vurub.
Şəhriyar isə pnevmatik tapança çıxararaq Samura bir neçə dəfə atəş açıb. Tapançanın kürəcikləri Samurun bədəninin müxtəlif yerlərinə dəyib. Onu da əlavə edək ki, hər üç şəxs bir idman zalında məşq edirlər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samur Həsənov 16 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Həmçinin prokurorluqda apelyasiya protesti verərək Samur Həsənovun cəzasının ağırlaşdırılmasını tələb edib.
Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, tərəflərin şikayəti təmin edilməyib.
Hacı Zeynalov