Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Miqrasiya Mərkəzinin sədri Əlövsət Əliyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Emil Şəkinskinin nümayəndəsi Asif Məmmədov çıxış edib.
O, Emil Şəkinskinin ibtidai istintaqa verdiyi ifadəni təsdiqləyib. Nümayəndə çıxışı zamanı oğurluğun Gülnarə Şəkinskinin ölkədən qaçdıqdan sonra xəbər tutduğunu bildirib.
Təqsirləndirilən şəxsin vəkili Cabir Mehrəliyev vəsatətlə çıxış edərək məhkəmə zərərçəkmiş şəxsin özünün gəlməsini istəyib. Vəsatət baxılmamış saxlanılıb.
Bundan sonra məhkəmədə şahid qismində Əli Bəxşəliyev ifadə verib. O, 30 ildən artıq bir müddətdir ki, Bərdə rayon icra nümayəndəsində çalışdığını bildirib: “Təqdirləndirələnlərdən yalnız Raqibi tanıyıram. O, 25 ildir ki, idarənin çayxanasını işlədir. Bir gün yanıma gəldi ki, uşağı kənddən rayonun özünə qeydiyyata salmaq istəyirəm. Mən dedim ki, ona sənəd verməyəcəklər. Sən birinci kənddən sənəd al. O, mənə dedi ki, sən arayış ver, qalanını həll edəcəm. Neçə illərdir ki, tanıyırdım. Ona görə də arayış verdim”.
Bundan sonra şahid qismində Şaban Hüseynov ifadə verib.
Məhkəmə prosesi iyulum 23 də davam edəcək.
İttiham aktına görə, təqsirləndirilən şəxslər Pənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərovadır.
Həmin şəxslər Gülnarə Şəkinskayanın, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayaların dövlət sərhədini qanunsuz keçmələrinə yardım ediblər və bu məqsədlə cinayət əlaqəsinə giriblər. Bu məqsədlə G.Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindəki dəmir seyfdən 60 min manat pulu oğurlayıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunurlar. Sözügedən cinayət işi üzrə təqsirləndirilən şəxslər - Gülnarə Şəkinskaya, onun qardaşı Fərid Yusub və Əlövsət Əliyev istintaqdan gizləndiklərinə görə barələrində axtarış elan olunub.
Qeyd edək ki, təqsirləndirilən Əlövsət Əliyev isə hazırda Almaniyada mühacirətdədir. Ə.Əliyev VHP sədri, deputat, xalq şairi Sabir Rüstəmxanlının qardaşıdır.
Hacı Zeynalov