Gəncə Apelyasiya Məhkəməsində quldurluq hadisəsi törətməkdə təqsirli bilinən Samux rayon sakini, 1998-ci il təvəllüdlü Yadigar Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Yadigar Eyvazov 9 mart 2014-cü il tarixdə, saat 23 radələrində Gəncə şəhəri Atatürk prospektində yerləşən Firuddin Quliyevə məxsus ərzaq mağazasına gəlib. O, mağazanın satıcısı Ulduz Rəhimovaya həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib.
O, satıcıya bıçaq çəkərək kassa aparatında olan pulları tələb edib. Satıcı kassa da olan 350 manatı ona verib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yadigar Eyvazov 9 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokurorluq apelyasiya protesti verərək Yadigar Eyvazovun ittiham olunduğu Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq) madddəsinin sanksiyasında yuxarı həddə cəza almasını xahiş edib. Həmçinin Yadigar Eyvazovun vəkili də apelyasiya şikayəti verib.
Hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, həm apelyasiya protesti, həm də apelyasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov