Şirvan Apelyasiya Məhkəməsində yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Masallı rayon sakini, 1982-ci il təvəllüdlü Nahid Əməşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Nahid Əməşov 24 sentyabr 2014-cü il tarixdə Masallı-Yardımlı avtomobil yolunun 4-cü kilometrliyində qohumu Aləm Gülverdiyevə məxsus “Mersedes Benz C200” markalı avtomobilli idarə edərkən aşırıb. Hadisə zamanı avtomobildə olan Aləm Gülverdiyev xəsarət alıb.
Nahid Əməşov Cinayət Məcəlləsinin 263-1.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olma) maddəsi ilə ittiham edilib və Masallı rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ona cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb. Hökmdən narazı qalan Nahid Əməşov apelyasiya şikayəti verib və cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, onun apelyasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov