28 İyul 2015 12:07
3 391
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Teleqraf.com-un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində İlqar Ağayev ifadə verib. O bildirib ki, Leyla və Arif Yunusların sürücüsü olub, 300-350 manat əmək haqqı alıb, lakin sürücü olması ilə bağlı onunla Leyla və Arif Yunuslar arasında müqavilə bağlanmayıb.

Digər şahid Adilə Manafova bildirib ki, Leyla Yunus ilə birlikdə 1996-cı ildə azərbaycanlı qadınların Qafqazda Sülh və Demokratiya Cəmiyyətini təsis ediblər: “Bu cəmiyyətdə üç il fəaliyyət göstərmişəm. 1999-cu ildə isə bizim yollarımız ayrılıb. Üç il ərzində bizim Ermənistan və Gürcüstan nümayəndələri ilə əlaqələrimiz olub. Leyla Yunus Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cavabdeh olub. Mən ekoloji, Rəna Səfərəliyeva isə təhsil məsələləri ilə maraqlanıb. Cəmiyyətin iclaslarında Leyla Yunus tarixi faktlarla bağlı qeydlər aparıb”.

ŞahidiN bildirdiyinə görə, Leyla Yunusun ermənilərlə işbirliyi qurması, əməkdaşlıq etməsi barədə cəmiyyətdə protokol olmayıb: “Cəmiyyətin adına 800 min manatdan artıq qrant layihələri alınması barədə də məlumatım olmayıb. Həmin qrant layihəsindən 78 min manat çıxarılaraq Arif Yunusun bank hesabına köçürülməsindən xəbərsiz olmuşam. 2006-cı ildə cəmiyyət buraxılıb və mənim, həmçinin Rəna Səfərəliyevanın cəmiyyətlə hər hansı əlaqəsi olmayıb”.

Bu zaman Leyla Yunus cəmiyyətin hüquqi nümayəndəsi Şöhlət Allahmanovu söyüb və təhqir edib.
Daha sonra Zemfira İsmayılova ifadə verib. O, Leyla Yunusla 20 ildir görüşmədiyini bildirib: “Leyla ilə Azərbaycan Xalq Cəbhəsi dövründə tanış olmuşuq. Həmin dövrdə şəhərdə gəzə bilmirdik, bizdən pasport tələb edirdilər, bizə erməni kimi baxırdılar. Çoxlu sayda qadın Leyla Yunusun ətrafında toplaşmışdı. Sonradan dövran dəyişdi, bizim problemlər həll olundu, daha sonra Leyla Yunusla görüşmədik”.

O bildirib ki, Sülh və Demokratiya Cəmiyyətinin üzvü olmayıb. Onun sözlərinə görə, cəmiyyət təsis olunanda həmin təşkilatda iştirak etməyib: “Lakin 2014-cü ildən Rəna Səfərəliyeva mənə müraciət edib və deyib ki, cəmiyyətin problemləri yaranıb, bizi prokurorluğa çağırırlar. Buna görə də cəmiyyətin ləğv edilməsi iclasda iştirak etdim”.

Rauf Mirqədirovun keçmiş həyat yoldaşı Zərifə Hacıyeva isə deyib ki, 2011-ci ilə Rauf Mirqədirovla rəsmi qaydada ayrılıb: “Həyat yoldaşımla ayrılmağımızın səbəbkarı Leyla və Arif Yunuslar olub. Çünki onlar tez-tez Rauf Mirqədirovla əlaqə saxlayır və Ermənistana aparırdılar. Mən də Raufun Ermənistana getməsinə etiraz etmişəm, demişəm ki, ermənilər bizim düşmənimizdir, səni orada öldürərlər. Buna görə də evdə bununla bağlı söz-söhbətimiz olurdu. Sonda ayrıldıq. Leyla Yunus mənim düşmənim olub”.

Proses avqustun 3-də davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər