28 İyul 2015 15:03
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Apelyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirli bilinən Qubadlı rayon sakini, 1988-ci il təvəllüdlü Elşən Qarayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 22 avqust 2012-ci il tarixdə Elşən Qarayev idarə etdiyi “Mercedes-Benz 180” markalı avtomaşınla Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində, S.Vurğun küçəsində, “Göyərçin” abidəsindən “Şəhidlər xiyabanı” istiqamətində hərəkət edərkən yol hərəkəti qaydasını pozub. O, idarə etdiyi avtomaşınla qoşa xətt üzərində dayanmış Vəsilə Bədəlova və Elşad Aslanovu vurub. Hər iki yaralıya Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsində tibbi yardım göstərilsə də, onların həyatlarını xilas etmək mümkün olmayıb.

İstintaq araşdırması zamanı yol qəzasının törədilməsində Elşən Qaratyev günahkar bilinib və onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən Qarayev 7 il 8 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elşən Qarayev apelyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bir müddət əvvəl Elşən Qarayevin işinə Sumqayıt Apelyasiya Məhkəməsində baxılıb və onun apelyasiya şikayəti qismən təmin edilərək barəsində olan cəza 5 il 8 ay 15 gün müddətinə endirilib. Qərardan narazı qalan prokurorluq kasasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, Elşən Qarayevin cəzasının ağırlaşdırılmasını tələb edib. Ali Məhkəmədə işə baxan hakimlər prokurorluğun şikayətini təmin ediblər və Sumqayıt Apelyasiya Məhkəməsinin qərarını ləğv ediblər, işə yenidən apelyasiya instansiyasında baxılması barədə qərar qəbul ediblər.

Hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayətinə yenidən baxılıb. Hakim kollegiyası təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün çıxarılması ilə bağlı apelyasiya şikayətini təmin etməsə də, onun cəzasını yenə də yüngülləşdirib. Hakimlər Elşən Qarayevin 6 il 8 ay 16 günə endirilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər