Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi əməliyyat qrupu Lənkəranın dənizsahili ərazilərinin minalardan təmizlənməsi tədbirlərini davam etdirir.
Axtarışların aparıldığı ərazidə keçmiş SSRİ dövründə tank alayı yerləşib. 1990-cı illərin əvvəllərində hərbçilər Lənkəranı tərk edərkən alaya məxsus xeyli sayda silah-sursatı ataraq gediblər.
İyulun 30-da ANAMA-nın xüsusi əməliyyat qrupu tərəfindən 6 ədəd tank əleyhinə mina xüsusi təlimata uyğun partladılmaqla zərərsizləşdirilib.
Silahların zərərsizləşdirilmə prosesini media nümayəndələri ilə yanaşı, ANAMA, Sərhəd Qoşunları, yerli hüquq mühafizə orqanlarının əməkdaşları da izləyiblər.
Qeyd edək ki, Xəzər dənizində suyun səviyyəsi qalxdıqdan sonra hərbi hissənin yerləşdiyi ərazinin çox hissəsi, o cümlədən iki hərbi sursat anbarı suyun altında qalıb. Ona görə də ANAMA-nın əməliyyatçıları axtarışları təkcə quru ərazidə deyil, həm də dənizdə aparırlar.
İndiyədək ANAMA tərəfindən cənub bölgəsində 140 ədəd tank əleyhinə mina və 8 min ədəddən çox müxtəlif çaplı hərbi sursat tapılaraq zərərsizləşdirilib.
Dənizkənarı ərazidə hələ də ləpələrin sahilə çıxardığı minalara rast gəlinir. Bununla əlaqədar olaraq, həmin sahilyanı ərazilər təhlükəsizlik məqsədilə hasara alınıb.
ANAMA-nın əməliyyat üzrə meneceri Böyükağa Haqverdiyev bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkənin cənub bölgəsində bundan sonra daha 300 hektarlıq ərazinin silah-sursatdan təmizlənməsi prosesi həyata keçirilməlidir.