31 İyul 2015 15:01
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə 81 nəfərin pulunu mənimsəyən “Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifovun barəsində ittiham hökmü çıxarılması üçün Baş Prokurorluğun protestinə baxılıb.

Teleqraf.com xəbər verir ki, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə İslam Yusifovun barəsində ittiham hökmü çıxarılması üçün Baş Prokurorluğun protesti üzrə qərar elan edilib. Qərara görə, Bakı Apelyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun sədrlik etdiyi hakim kollegiyasının çıxardığı qərar ləğv edilib. Məhkəmə İlham Yusifovun barəsində olan işin yenidən araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar verilib.

Qeyd edək ki, İslam Yusifov vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı bir müddət əvvəl Xəzər rayon Məhkəməsinə müraciət edib. İslam Yusifovun cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəza çəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsinə Xəzər rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib. Onun ərizəsi təmin edilməyib.

Qərardan narazı qalan İslam Yusifov apelyasiya şikayəti verib. O, şikayətində göstərib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2010-cu il tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının 5 ilini çəkdiyini, qalan hissəsini isə məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilməsini istəyib.

İslam Yusifovun şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun icraatına verilib. Martın 6-da keçirilən prosesdə İslam Yusifovun apelyasiya şikayəti təmin edilib və Xəzər Rayon Məhkəməsinin qərarı ləğv edilib. İslam Yusifovun azadlığa çıxması ilə bağlı qərar qəbul edilib. Həmin qərardan sonra İslam Yusifov dərhal azadlığa buraxılıb.

Qeyd edək ki, İslam Yusifov atasının başçılıq etdiyi 15 nəfərlik dəstədə mühakimə olunub. İstintaq sənədlərinə görə, “Texnikabank” Bakı filialının sabiq rəhbəri Zal Yusifov digər şəxslərlə birlikdə cinayət əməli törədib. O, 81 müştərinin banka qoyduğu təxminən 38 milyon manat pulu mənimsəyib.

Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edilib. Zal Yusifovun oğlu İslam Yusifov isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Birinci məhkəmə instansiyası İslam Yusifovu atası ilə birlikdə əlbir olmaqda ittiham edib. Belə ki, Ağır Cinayətlər Məhkəməsinin hökmündə qeyd olunub ki, Zal Yusifov vətəndaşlardan dələduzluq yolu ilə aldığı pullarda oğlu da iştirakçı olub. Bu iş üzrə zərərçəkmişlərə dəymiş ziyan ödənilməyib.

Qeyd edək ki, baş prokuror Zakir Qaralovun da göstərişi var ki, dələduzluq işlərində zərərçəkmişlərə dəymiş ziyan ödənilmədiyi halda təqsirləndirilən şəxs və ya məhkum vaxtından əvvəl azadlığa buraxıla bilməz. Həmçinin baş prokuror qərarında qeyd edib ki, dələduzluq cinayətlərində təqsirli bilininlərin amnistiyaya və əfv fərmanına düşməsi də mümkünsüzdür. Ali Məhkəmənin sədri Ramiz Rzayev də müsahibələrində, həmçinin məhkəmədə keçirilən kollegiya iclaslarında bildirib ki, dələduzluq işlərində məhkum olunan şəxslərin şərti cəza ilə və ya vaxtından əvvəl azadlığa buraxılmasına qanun yol vermir. Buna baxmayaraq, 81 nəfər zərərçəkmişin ziyanı ödənilmədiyi halda İslam Yusifov vaxtından əvvəl azadlığa buraxılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər