Sumqayıt Apelyasiya Məhkəməsində saxta sənədlə həbs olunan Ordubad rayon sakini, 1962-ci il təvəllüdlü Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihamın gəldiyi nəticəyə görə, Nazim Əliyev 11 fevral 2014-cü il tarixli saxta Azərbaycan Respublikası vətəndaşının AZE-13875472 nömrəli şəxsiyyət vəsiqəsindən bilə-bilə istifadə edib. O, həmin ilin fevralın 20-də Sumqayıt "ASAN xidmət" mərkəzinə müraciət edib və fevralın 27-də həmin mərkəzdən hüquq verən rəsmi sənəd hesab olunan C00449317 nömrəli Azərbaycan Respublikasının ümumvətəndaş pasportunu əldə edib.
İstintaq Nazim Əliyevi Cinayət Məcəlləsinin 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirli bilib və cinayət işinə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.
Hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə Nazim Əliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 320.1-ci maddəsi sübuta yetirilməyib və həmin maddə üzrə ona bəraət verilib. Məhkəmənin hökmünə görə, Nazim Əliyev Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinib və o, 3 ay 12 gün müddətinə azadlıqdan məhrum edilib. Ona təyin edilmiş cəza həbsdə yatdığı müddətlə başa çatdığı üçün məhkəmə zalından azadlığa buraxılıb.
Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verib. Prokurorluq şikayətində Nazim Əliyevə Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə yanaşı 320.1-ci maddəsi ilə də cəza verilməsini istəyib.
Bir müddət əvvəl prokurorluğun protestinə Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi İlham Həsənovun sədrlik etdiyi kollegiyada baxılıb və apelyasiya protesti təmin edilməyib. Prokurorluq Ali Məhkəmənin cinayət kollegiyasına şikayət yazıb və apelyasiya məhkəməsinin qərarını ləğv etdirib.
Ali Məhkəmədə işə baxan hakim heyəti Nazim Əliyevin işinə yenidən apelyasiya instansiyasında baxılması barədə qərar qəbul edib.
"Rusiyada və Belarusda yaşamışam"
Hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən prosesdə Nazim Əliyev bildirib ki, 1983-cü ildə daimi yaşamaq məqsədilə Rusiya Federasiyasının Voronej şəhərinə gedib: "1998-ci ildə Belarus Respublikasının vətəndaşı ilə ailə həyatı qurdum və Minsk şəhərində yaşadım. Birgə nikahımızdan 1994-cü il təvəllüdlü Akif adlı bir oğlumuz var. 2010-cu ilin dekabr ayında Azərbaycana gələrək təxminən 2011-ci ilin yanvar ayında atam Akif Əliyevin Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 12, mənzil 59-a ünvanında yerləşən evində yaşadım. Həmin evə müvəqqəti qeydiyyata düşərək xarici vətəndaşın şəxsiyyət vəsiqəsini aldım".
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2011-ci ilin fevral ayının sonlarında Minsk şəhərinə ailəsinin yanına qayıdıb. O bildirib ki, 3 may 2013-cü il tarixdə Minsk şəhərində arvadından ayrılıb və daimi yaşamaq üçün Azərbaycana gəlib: "Valideynlərimlə birlikdə Abşeron rayonu, Saray qəsəbəsindəki fərdi evdə yaşamışıq. Mayın 29-da Rusiya Federasiyasında aldığım pasportun müddəti bitdiyi üçün Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini almaq məqsədilə bir neçə dəfə Sumqayıt şəhərindəki "ASAN xidmət"ə müraciət etdim. Orada müddəti bitmiş Rusiya pasportunu dəyişdirdikdən sonra Azərbaycan Respublikasının vətəndaşlığını alması məsələsinə baxılmasının mümkünlüyünü bildirirək miqrasiya xidmətinə müraciət etməyi məsləhət gördülər".
"Şəxsiyyət vəsiqəsi düzəldəcəyini vəd etdi"
Nazim Əliyev qeyd edib ki, bir neçə dəfə Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edib, sorğu göndərilib, lakin cavab alınmadığından 2014-cü ilin yanvar ayının sonunda səhər təxminən saat 10 radələrində yenidən Sumqayıt şəhərində yerləşən "ASAN xidmət"ə gedib: "Orada şəxsiyyət vəsiqəsini almağın qeyri-mümkünlüyü bildirildi. "ASAN xidmət"dən çıxarkən əvvəllər tanımadığım və adını bilmədiyim bir nəfər şəxs mənə yaxınlaşdı, bura tez-tez gəlməyimin səbəbini soruşdu. Ona şəxsiyyət vəsiqəsi almaq istədiyimi, lakin ala bilmədiyimi dedim.
Həmin şəxs 300 manat müqabilində mənə şəxsiyyət vəsiqəsi düzəldəcəyini vəd etdi. Doğum haqqında şəhadətnaməmi, iki fotoşəklimi və atamın adına olan Abşeron rayonu, Saray qəsəbəsindəki evin çıxarışının surətini həmin şəxsə verdim. On beş gün sonra Sumqayıt şəhərindəki "ASAN xidmət" qarşısında görüşməyimiz barədə razılaşdıq.
Adını soruşduğum həmin şəxs bildirdi ki, sənə mənim adım lazımdır, yoxsa sənədin? Buna görə ondan artıq heç nə soruşmadım. Vədələşdiyimiz vaxtda, yəni on beş gün sonra həmin şəxslə görüşdük. Şəxsiyyət vəsiqəmi verdikdən sonra əvvəlcədən razılaşdığımız 300 manatı ona verdim. O, bir həftədən sonra "ASAN xidmət"ə gəlməyi, sənədləri təqdim edib xarici ümumvətəndaş pasportu ala biləcəyimi dedi".
"Sənədlərin saxtalığı məlum oldu"
Təqsirləndirilən şəxsin bildirdiyinə görə, bir həftədən sonra "ASAN xidmət"ə gedib və digər sənədlərlə birlikdə həmin şəxsiyyət vəsiqəsini təqdim edib, 40 manat rüsum ödəyib, on gündən sonra xarici ümumvətəndaş pasportu alıb: "Əldə etdiyim həmin sənədləri yaşadığım evdə saxlamışam. Təxminən 2014-cü ilin aprel ayında bir neçə mülki geyimdə olan şəxs yaşadığım ünvana gəldi. Onlar xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirdilər və "ASAN xidmət"dən əldə etdiyim şəxsiyyət vəsiqəsini, pasportu və digər sənədləri götürdülər. Məni də Baş Pasport və Miqrasiya İdarəsinə dəvət etdilər.
Deyilən gün həmin idarəyə getdikdə aldığım şəxsiyyət vəsiqəsinin və pasportun saxtalığı mənə məlum oldu. Saxta şəxsiyyət vəsiqəsi və pasport almaq niyyətində olmadığımı, həmin sənədləri almaq üçün özüm haqqında heç bir məlumatı gizlətmədən, təhrif etmədən bütün zəruri sənədləri təqdim etdiyimi, lakin həmin sənədləri aldıqdan sonra oradakı məlumatların düzgünlüyünə diqqət etmədiyimi bildirdim".
Dövlət ittihamçısı Teymur Əsədov bildirib ki, Nazim Əliyev şəxsiyyət vəsiqəsinin saxtalaşdırılmasında istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin cinayəti törədib.
Dövlət ittihamçısının fikrincə, məhkəmə təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxararkən Cinayət-Prosessual Məcəlləsinin 144, 145 və 353.2-ci maddəsinin tələblərini pozub: "Bu isə bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həllinə təsir edən hal olub. Birinci instansiya məhkəməsi düzgün olmayaraq cəza təyini zamanı təqsirləndirilən şəxs Nazim Əliyevin törətdiyi əməli etiraf edərək peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə almasını, himayəsində yaşlı ata və ana olmasını yüngülləşdirici hallar kimi nəzərə alıb".
Dövlət ittihamçısı Nazim Əliyevin barəsində olan cəzanın ağırlaşdırılmasını istəyib.
Tərəfləri dinləyən hakim heyəti sonda apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar çıxarıb.
Hacı Zeynalov