4 Avqust 2015 18:59
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki Apelyasiya Məhkəməsində dələduzluqda təqsirli bilinən Balakən rayon sakini Məhəmməd Mustafayev cinayət işi üzrə proses başa çatıb. İttihama görə, Məhəmməd Mustafayev aldatma və etibardan sui-istifadə yolu ilə gəlir əldə etmək qərarına gəlib.

Məhkəmə həmkəndlilərin adına bankdan kredit götürən balakənlini cəzalandırdı

O, bu məqsədlə 26 iyul 2013-cü il tarixdə Balakən şəhərində Ramin Osmanovun adına "Mol bulak" BOKT-dan (bank olmayan kredit təşkilatından) nağd pul götürüb. Məhəmməd pulu həmin təşkilata özünün ödəyəcəyinə inandırıb.

Bundan başqa, Məhəmməd Mustafayev həmin il iyulun 31-də Osman Abdullayevin adına "Mol bulak" BOKT-dan kredit yolu ilə nağd pul götürərək ona qarşı da dələduzluq əməli törədib. O, Balakən rayon sakinləri - Şümeysət Abdullayevaya 3000, Həsən Abdullayevə 3000, Məryəm Qasımovaya 3000, Müzamiddin Əhmədova 3000, Ramiz Hobolova 2500, Nüranə Ölkəliyevaya qarşı isə 500 manat miqdarında dələduzluq edib.

Məhəmməd Mustafayev Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham edilib və Balakən Rayon Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Məhəmməd Mustafayev apelyasiya şikayəti verib.

Məhkəmədə Məhəmməd Mustafayev bildirib ki, Balakən Rayon Məhkəməsinin hökmü maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından tam əsassız, ədalətsiz və qanunsuzdur. Onun sözlərinə görə, həmin hökm faktlara deyil, fərziyyələrə əsaslanır: "İş üzrə istintaq qərəzli aparılıb, zərərçəkmiş şəxslər müstəntiq tərəfindən aldadılaraq mənə qarşı ərizə, izahat və ifadələr verməyə məcbur ediliblər".

Məhəmməd Mustafayev deyib ki, istintaq zamanı onun və zərərçəkmiş şəxslərin ifadələri təhrif olunub, müstəntiq zərərçəkmiş şəxslərin savadsızlığından ona qarşı istifadə edib: "Əvvəllər kommersiya fəaliyyəti ilə məşğul olmuşam və yaxşı gəlir əldə etmişəm. Lakin 2013-cü ildən işlərimdə müəyyən uğursuzluqlar baş verib, ziyana düşmüşəm. Vəziyyətdən çıxmaq və kommersiya fəaliyyətini yenidən davam etdirib, daha da genişləndirmək üçün mənə böyük məbləğdə pul lazım olub.

Özümün kredit almam mümkün olmadığına görə yaxın münasibətdə olduğum, o cümlədən hazırkı iş üzrə zərərçəkən kimi tanınmış şəxslərdən borc pul istəmişəm. Zərərçəkmiş şəxslər də "Mol bulak" BOKT-dan kredit götürərək mənə veriblər. Həmin kreditlər üzrə aylıq ödənişləri vaxtlı-vaxtında BOKT-na ödəməyi öz öhdəmə götürmüşəm".

"Pulları qaytarmaqdan boyun qaçırmamışam"

Məhəmməd Mustafayev qeyd edib ki, zərərçəkmiş şəxslərin öz adlarına götürdüyü 20 min manat pulun çox hissəsini üzərinə hesablanmış faizlə birlikdə "Mol bulak" BOKT-na qaytarıb: "Arada yenə də çətinliyə düşdüyümdən bir neçə ay ödəniş edə bilməmişəm. Bundan istifadə edən "Mol bulak" BOKT-nın əməkdaşları borcluları, yəni hazırkı iş üzrə zərərçəkmiş şəxsləri narahat etməyə, kredit borclarının dərhal ödənilməsini tələb etməyə, qanunsuz təsir və təzyiqlər göstərməyə başlayıb. Kredit təşkilatının rəhbərləri borclulardan hədə-qorxu ilə mənə qarşı ərizələr alaraq polisə və prokurorluğa göndəriblər.

Mənim zərərçəkmiş şəxsləri aldatmaq, etibarlarından sui-istifadə edərək pullarını ələ keçirmək niyyətim olmayıb. Onlardan borc aldığım pulları qaytarmaqdan isə heç vaxt boyun qaçırmamışam. İşlərim qaydaya düşməyə və borcları qaytarmaq üçün imkanlar yaranmağa başlayanda barəmdə cinayət işi qaldırılıb. Nəticədə bütün planlarım və ümidlərim alt-üst olub.

Hesab edirəm ki, heç bir cinayət törətməmişəm, mənimlə zərərçəkmiş şəxslər arasında şifahi surətdə borc müqaviləsi bağlanıb. Mənim həmin müqavilə üzrə öhdəliyimi yerinə yetirə bilməyim isə cinayət hadisəsi kimi qiymətləndirilməməlidir. Mənə qarşı irəli sürülmüş ittiham üzrə barəmdə bəraət hökmünün çıxarılmasını xahiş edirəm".

"Özümü zərərçəkən hesab etmirəm"

Adına kredit götürülən Müzamiddin Əhmədov bildirib ki, Məhəmməd Mustafayev onun həmkəndlisidir, həmişə yaxşı münasibətləri olub: "2013-cü il sentyabr ayında Məhəmmədə sahibkarlıq fəaliyyətini genişləndirməsi üçün pul lazım olub. Bu səbəbdən məndən 3000 manat borc pul istəyib. Lakin məndə borc verməyə pul olmadığına görə həmin 3000 manat pulu Balakən şəhərində fəaliyyət göstərən "Mol bulak" BOKT-dan kredit götürərək Məhəmmədə vermişəm.

Məhəmməd kredit üzrə aylıq ödənişlərin vaxtlı-vaxtında özü tərəfindən ödənilməsini öhdəsinə götürüb. Həqiqətən də, Məhəmməd kredit borcu 4-5 ay ödəyib. Lakin arada çətinlik yarandığından ödəmək imkanı olmayıb. "Mol bulak" BOKT-nın əməkdaşları ödənişi məndən tələb etməyə başlayıblar. Əgər Məhəmməd tutulmasaydı, "Mol bulak" BOKT-na olan kredit borcların hamısını ödəyəcəkdi. Lakin buna imkan verilmədi. Hazırda mənim "Mol bulak" BOKT-na 1500 manat borcum qalıb. Özümü zərərçəkmiş hesab etmirəm. Çünki Məhəmməd Mustafayev məni aldatmayıb və etibarımdan sui-istifadə etməyib. Könüllü olaraq kredit götürərək Məhəmmədə borc vermişəm. Məhəmməd Mustafayevə qarşı heç bir tələb və şikayətim yoxdur".

"Banka kredit borcumuz qalıb"

Adına kredit götürülən digər şəxs Osman Abdullayev bildirib ki, 2013-cü ilin iyul ayında Məhəmməd onun evinə gələrək 10 min manat lazım olduğunu deyib: "Məhəmmədə pulumun olmadığını bildirdim. O, mənim, qızım Şümeysətin və qardaşım Həsənin hər birimizin adına bankdan 3000 manat kredit götürüb və ona verməyimi xahiş etdi. Pulun banka ödənişini hər ay özünün təmin edəcəyinə vəd verdi.

Məhəmmədin verdiyi vədə inanaraq öz adıma, qardaşım Həsən və qızım Şümeysət də adlarına hərəmiz "Mol bulak" bankdan 3000 manat, cəmi 9000 manat pul götürüb Məhəmmədə verdik.

Məhəmməd kreditin qaytarılması ilə bağlı müəyyən qədər ödənişlər etdi və sonra ardını ödəməyə imkanı olmadı. "Mol bulak" bankın işçiləri kreditin ödənilməsini bizdən tələb edərək müxtəlif təsir tədbirlərinə əl atdılar. Hətta "VAZ-2106" markalı avtomobilimi satmağa məcbur etdilər. Onlar qalan kredit borclarını özləri ödəməli oldular. Hazırda "Mol bulak" BOKT-na mənim 1500 manat, qızım Şümeysətin 1272 manat və qardaşım Həsənin 1250 manat borcumuz qalıb".

Osman Abdullayev bildirib ki, Məhəmməd onları aldatmayıb və imkanı olmadığına görə banka kredit pullarını özünün ödəyəcəyi barədə vədinə əməl edə bilməyib: "Məhəmməd Mustafayevdən heç bir tələb və şikayətin yoxdur. Yalnız bizə dəymiş maddi zərərin aradan qaldırılmasını, yəni banka ödədiyimiz və borclu qaldığımız pulların Məhəmməd Mustafayev tərəfindən ödənilməsini tələb edirik".

Nüranə Ölkəliyeva bildirib ki, həmkəndlisi Məhəmməd Mustafayev ona təcili pul lazım olduğunu deyib, bankdan 500 manat götürməyi xahiş edib, həmin pulu hər ay banka özü ödəyəcəyinə boyun olub: "Vədə inanaraq həmin vaxtlarda Balakən şəhəri ərazisində olan "Molbulak" bankından 500 manat pul götürüb Məhəmmədə verdim. O isə pulu götürdükdən sonra cəmi 50 manat ödəniş edib, qalan kredit borcunu ödəməkdən yayınıb. Məcbur olaraq banka olan 450 manat borcunu özüm ödəmişəm".

Tərəfləri dinləyən hakim heyəti sonda apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar elan edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər