Bakının Sabunçu rayonunda çimərlikdə vətəndaşları qarət edən şəxs saxlanılıb.
Teleqraf.com xəbər verir ki, oğurluq hadisəsi Pirşağı qəsəbəsində yerləşən Qızıl Qum çimərliyində baş verib.
Beyləqan rayon sakinləri – 1997-ci il təvəllüdlü Murad Mirzəyev və onun dostu, 1994-cü il təvəllüdlü Habil Fikrətli avqustun 4-də, saat 19.30-da Qızıl Qum çimərliyinə gəliblər.
Onlar paltarlarını və özlərinə məxsus olan telefonları çimərlikdə müəyyən edilmiş yerdə qoyublar və dənizdə cimməyə gediblər. Geri qayıdan dostlar 1 ədəd “Samsunq” və 1 ədəd “Nokia” markalı mobil telefonlarının oğurlandığını görüblər.
Dostlar baş verən oğurluq hadisəsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə müraciət ediblər. Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Bakı şəhər sakini Pərviz Muqbilov həbs edilib.
Hacı Zeynalov