11 Avqust 2015 19:28
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini intihar həddinə çatdırmaqda, mənimsəmədə, vergidən yayınmaqda və digər cinayətlərdə ittiham olunan “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın barəsində başlanan cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçən prosesdə Xədicə İsmayılın vəkilləri Fəxrəddin Mehdiyev, Fariz Namazlı və Cavad Cavadlı iştirak etməyib. Hakim bildirib ki, vəkillər üzrlü səbəb olmadan məhkəmə prosesinə qatılmayıblar və buna görə də onların barəsində tədbir görülməsi üçün Vəkillər Kollegiyasına məktub göndəriləcək.

Saat 14.00-dək prosesdə fasilə elan edilib və vəkillərdən Vəkillər Kollegiyasına şikayət hazırlanıb. Təxminən saat 15 radələrində Xədicə İsmayılın vəkili Cavad Cavadlı məhkəməyə gəlib, bundan sonra şahidlərin dindirilməsi mərhələsi başlayıb.

Prosesdə Tural Mustafayevin keçmiş həyat yoldaşı Şəfa Mustafayevanın anası Fərqanə Rəsulova ifadə verib. O, bildirib ki, Tural Mustafayev ailəsində söz-söhbət yaratsa da, Şəfanı çox istəyib: “Bir müddət sonra Tural Bakı şəhərinə gəldi. O, Bakı şəhərində olduğu vaxt qızımla münasibətləri korlanmağa başladı. Şəfa ailəsinin dağılmaması üçün Bakıya getmək üçün məndən icazə istədi. Mən də razılıq verdim. Bakıya gedən qızım övladları ilə kirayə evdə qalası oldu. Onun qaldığı kirayə evin pulunu da mən ödəmişəm. Şəfanın bildirdiyinə görə, Tural çox vaxt gecələr evə gəlməyib”.

Fərqanə Rəsulovanın sözlərinə görə, Tural sonradan Şəfa ilə ayrılıb və bundan sonra onun həyatında Rövşanə adlı qız olub. Şahid əlavə edib ki, Turalın Rövşanə ilə də münasibətləri yaxşı olmayıb və buna görə intihara cəhd edib.

“Bundan sonra onların münasibətləri pozuldu”

Prokuror Ramazan Hadıyev bildirib ki, şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədə səsləndirdiyi fikirlər arasında kəskin ziddiyyət var. Prokuror istintaqa verilmiş ifadənin elan edilməsini istəyib. Hakimlər prokurorun istəyini nəzərə alıblar.

Fərqanə Rəsulova istintaqa verdiyi ifadəsində bildirib ki, Turalın Xədicə adlı bir jurnalistlə münasibəti olub və Xədicə həmişə jurnalist fəaliyyəti ilə bağlı Turala kömək edib.

Daha sonra Rövşanə Rəhimovanın anası Zemfira Əliyeva şahid qismində ifadə verib. O, bildirib ki, qızı Rövşanə ilə Tural Mustafayev bir neçə ay nişanlı olublar.

Onun sözlərinə görə, Tural Mustafayev içki düşkünü olub, içkili olanda isə özünü apara bilməyib. Bu səbəbdən də qızı ondan ayrılıb. Şahid daha sonra ifadəsində Tural Mustafayevin intihara cəhd etməsindən danışıb. Qeyd edib ki, Turalın psixi problemləri olub: “Qızımla Turalın toylarının olacağı şadlıq evini danışmaq ərəfəsi idi. Bu zaman Tural içkili vəziyyətdə Rövşanəni təhdid etdi. Qızıma dedim, bununla yola getmək mümkün deyil. Bundan sonra onların münasibətləri pozuldu”.

“Xədicə İsmayılla razılaşdıq”

“Azadlıq” radiosunun jurnalisti Esmira Cavadova bildirib ki, 2010-cu ilin sentyabrında jurnalist dostlarından radioda məhkəmə yazarına ehtiyac olduğunu eşidib: “Buna görə də işləmək üçün radionun Bakı bürosuna müraciət etdim. Büronun rəhbəri Kənan Əliyevlə məsləhətləşəndən sonra məni oktyabrın 1-də işə götürdülər. Radionun rəhbərliyi ilə mülki müqavilə bağladıqdan sonra qonorar hesabına işləməyə başladım. Gördüyüm işin qonorarını almışam. Mənim əmək müqaviləsi bağlamaq və hər gün işə gəlmək imkanım olmayıb. Buna görə də sərbəst işləmək istəmişəm”.

Prokuror bildirib ki, şahid Esmira Cavadova məhkəmədə ziddiyyətli ifadələr verib. O, əlavə edib ki, şahidin istintaqa verdiyi ifadəsi elan olunmalıdır. Hakimlər Esmira Cavadovanın istintaq ifadəsini elan edib.
Esmira Cavadova istintaqa bildirib ki, 2009-cu ildə radioda işləməyə başlayıb və işə götürülməsi ilə bağlı Xədicə İsmayıl ilə müqavilə bağlayıb. Onun ifadəsinə görə, alacağı qonorarı da Xədicə İsmayıl ilə razılaşdırıb.

Esmira Cavadova istintaqa verdiyi ifadəsindən imtina edib. O, işə götürülmə tarixi ilə bağlı ziddiyyəti yaddaşının zəif olması ilə izah edib və bildirib ki, istintaq zamanı Xədicənin adını çəkməyib.

“Xədicə ilə Turalın arasındakı söhbətlərdən xəbərsiz olmuşam”

Digər şahid jurnalist Cavid Abdullayev Tural Mustafayevlə bir evdə kirayədə yaşadığını deyib. Onun sözlərinə görə, Turalı Meydan TV-də işləyən vaxtdan tanıyıb: “Kirayə ev tutmamışdan əvvəl bir neçə ay Meydan TV-nin inzibati binasında qaldıq. Xədicə ilə Turalın iş yoldaşı olduğunu bilirdim. Onların arasındakı söhbətlərdən xəbərim olmayıb. Bu barədə Tural da mənə bir söz deməyib”.

Prokurorun suallarına cavabda Cavid Abdullayev deyib ki, bir neçə aydan sonra Tural Mustafayev Meydan TV-də işdən çıxıb.

Suallara cavab verən Cavid Abdullayev qeyd edib ki, Tural Mustafayevin Rövşanə Rəhimli ilə normal münasibətləri olmayıb. Bu səbəbdən də o, iki dəfə intihara cəhd göstərib.

Prokuror Cavid Abdullayevin də istintaqa verdiyi ifadə ilə məhkəmədə səsləndirdiyi ifadə arasında kəskin ziddiyyətlər olduğunu qeyd edib və onun istintaq ifadəsinin elan edilməsini istəyib.

Şahid istintaqa bildirib ki, Tural Mustafayevin Xədicə İsmayılla əvvəlcə münasibətləri olub: “Amma sonradan Tural Rövşanə Rəhimova ilə əlaqə qurub və bundan sonra Xədicə ilə münasibətləri korlanıb. Hətta Xədicə İsmayıl Turalı hədələyib”.

Cavid Abdullayev daha sonra istintaqa verdiyi ifadəsində əlavə edib ki, Tural Mustafayev Xədicənin onu dinc buraxmayacağını, Meydan TV-dən də işdən çıxaracağını söyləyib: “Bu səbəbdən Emil Milli “Skayp” vasitəsi ilə planlaşdırma apararkən Tural Mustafayev ondan əmək haqqının tam ödənilməsini istəyib. Əməkhaqqı tam ödənmədiyi halda məhkəməyə müraciət edəcəyini deyib. Bundan sonra Turalın məvacibi tam ödənilib və o, işdən gedib”.

Cavid Abdullayev əlavə edib ki, Tural Mustafayev Meydan TV-dən yüksək maaş alan jurnalistlərdən olub: “Tural təxminən 700-800 ABŞ dolları əməkhaqqı alırdı. Mən isə təxminən 250 və yaxud 300 ABŞ dolları almışam. Tural Meydan TV-dən gedəndən sonra deyib ki, Xədicə İsmayıl onun üstündən xətt çəkib və buna görə onu heç bir yerdə işə götürmürlər”.

Cavid Abdullayev istintaqa verdiyi ifadəsini təsdiqləməyib. Məhkəmə iclası avqustun 12-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər