Bakı Ağır Cinayətlər Məhkəməsində fermaya basqın etməkdə təqsirli bilinən İlahi Seyidov və Cavad Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu ilin aprelin 7-də Şabran rayonu Dəvəçi kəndində yerləşən fermalardan birinə atlılar tərəfindən basqın edilib. Fermaya iki nəfər naməlum şəxsin daxil olduğunu görən 1942-ci il təvəllüdlü Zülfi Harunova tez bayıra çıxıb. Elə bu zaman da atlılardan biri tez fermanın işıqlarını söndürüb. Digəri isə əlində tutduğu yaba ilə qadının başına və bədəninə bir neçə ağır zərbə vurub. Qadın zərbələrin nəticəsində huşunu itirib.
Qadın özünə gələndən sonra qonşuluqda yaşayanları köməyə çağırıb. Səs-küyə qonşuluqdakı fermalardan gələnləri görən atlılar qorxuya düşüblər. Onlar fermadan yalnız 2 hind quşu götürərək qaçıblar. Ferma sahibi isə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Cavad Əkbərov və İlahi Seyidov həbs olunublar.
İlkin dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər. Onlardan quldurluq edərkən istifadə etdikləri yaba və hadisə yerindən onlara məxsus bıçaq götürülüb. Cavad Əkbərov törətdiyi əmələdən peşman olduğunun vurğulayıb: “Bu işi İlahi Seyidovla birgə törədmışık. Qadının başına yaba ilə zərbə vurulmasına gəlincə, mən etmişəm. Hazırda törətdiyim əməldən çox peşmanam”.
Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin hər birinə 10 il cəza təyin edilib.
Hacı Zeynalov