Bakı Apelyasiya Məhkəməsində Suriyada qanunsuz hərbi birləşmələrin tərkibində Bəşər Əsədə qarşı döyüşlərdə iştirak etməkdə təqsirləndirilən dəstə üzvləri – Tural Həsənov, Elvin Əliyev, Fərid Muradov, Tariyel Mustafayev, Namiq Məmmədov və Ruslan Mustafayevin apelyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.
Teleqraf.com-un xəbərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkillərinin apelyasiya şikayətlərinə məhkəmə istintaqı ilə baxılması barədə vəsatətləri təmin edilməyib. Məhkəmə heyəti apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul edib.
Müdafiəçilər məhkəmənin ilkin baxış iclasının qərarından kasasiya şikayəti veriblər. Müdafiəçilər kasasiya şikayəti verdikləri üçün apelyasiya instansiyasında iş dayandırılıb və Ali Məhkəmənin qərarından sonra məhkəmə prosesi davam etdiriləcək.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruslan Mustafayev 14 il, Tural Həsənov, Elvin Əliyev, Fərid Muradov, Tariyel Mustafayev, Namiq Məmmədov isə 13 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs ediliblər. Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Tariyel Mustafayev məhkəmədə verdiyi ifadəsində bildirib ki, il yarımdır bədəninə 500 yaşı olan Aişə adlı cin girib. Onun sözlərinə görə, bu cini çıxarmaq üçün Suriyaya gedib, orada müalicə olunub. Digər təqsirləndirilən şəxslərdə özlərini təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.
Hacı Zeynalov