Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini intihar həddinə çatdırmaqda, mənimsəmədə, vergidən yayınmaqda və digər cinayətlərdə ittiham olunan “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın barəsində başlanan cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, prosesdə Xədicə İsmayıl işə baxan məhkəmə kollegiyasının sədri Ramella Allahverdiyevanın cinayət işinin araşdırımasını aparmaqdan kənarlaşdırılması barədə etiraz verib. Dövlət ittihamçısı Ramazan Hadıyev bildirib ki, cinayət işinin araşdırması zamanı prosesə sədrlik edən hakim Ramella Allahverdiyevanın qərəzli, maraqlı olmasının şahidi olmayıb. Onun sözlərinə görə, hakim tərəfindən müdafiə tərəfinə işi araşdırmasına kifayyət qədər vaxt və şərait yaradılıb. Etirazın əsassız olduğunu deyən dövlət ittihamçısı bildirib ki, Xədicə İsmayılın etirazının baxılmasış saxlanılması barədə qərar qəbul edilsin.
Hakimlər Novruz Kərimov və Tamella Nəsrullayevanın keçirdiyi müşavirədən sonra hakim Ramella Allahverdiyevaya qarşı verilən etirazın təmin edilməməsi barədə qərar qəbul edilib. Daha sonra Xədicə İsmayıl məhkəmə iclas protokolunu yazan katibə etiraz edib. O, bildirib ki, guya məhkəmə katibi protokolu düzgün yazmır və protokol saxtalaşdırılıb. Dövlət ittihamçısı etirazın əsassız olduğunu və təmin edilməməsini istəyib. Hakimlər etirazı təmin etməyiblər.
Daha sonra Xədicə İsmayılın vəkillərinin əlavə şahidlərinin dindirilməsi barədə vəsatəti təmin edilməyib. Xədocə İsmayılın vəkili “Azadlıq” radiosunun müxbirləri Esmira Cavadovanın və Şahvələd Namazovun işə götürülmə ilə bağlı mülki müqavilələrinin cinayət işinə əlavə edilməsi barədə vəsatət verib. Həmçinin Xədicə İsmayılın digər vəkili Fəxrəddin Mehdiyev “Azadlıq” radiosunun Bakı bürosunun hüquqi nümayəndəsi Adil İsmayılovun əlavə şahid qismində məhkəməyə dəvət edilməsini istəyib. O, deyib ki, “Azadlıq” radiosunun fəaliyyəti ilə bağlı Adil İsmayılova çoxsaylı sualları var. Məhkəmə hər iki vəsatəti təmin etməyib.
Daha sonra X. İsmayılova və vəkilləri 15-ə qədər vəsatətlərinin olduğunu qeyd edərək, onların müzakirəsi üçün məhkəmədən vaxt istəyiblər. Proses avqustun 18-dək təxirə salınıb.
Hacı Zeynalov