Şəkinin Oğuzla həmsərhəd kəndlərində yenidən yanğınlar başlayıb.
Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, bu gün saat 16 radələrindən başlayaraq Şəkinin Oğuzla həmsərhəd olan Aşağı Kəldək və Aşağı Daşağıl kəndlərinin inzibati ərazisində yenidən biçilmiş taxıl, quru ot və kol-kos sahələrində yanğınlar başlayıb. Yanğın saat 18 radələrinə 80 hektardan yuxarı ərazini əhatə edib. Yanğının söndürülməsinə FHN-nin Şəki, Qax, Oğuz, Qəbələ, Yevlax rayonlarının və Mingəçevir şəhər DYMH-nin yanğınsöndürən maşınları və şəxsi heyətləri cəlb edilib.
Yerli sakinlərin APA-ya verdiyi məlumatına görə, yanğın ərazidə olan üç fermaya da keçib. Fermalardan biri artıq təmamilə yanıb. Yanğının söndürülməsinə kənd sakinləri də cəlb olunub. Yanğınlar hazirda davam edir.