İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Astara şəhər sakini Ayaz Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, 1972-ci il təvəllüdlü Ayaz Mirzəyev qanunsuz yolla qazanc əldə etmək üçün 9 iyul 2014-cü ildə İran İslam Respublikasının Astara şəhərində satış məqsədi ilə narkotik əldə edərək özündə saxlayıb və daha sonra qaçaqmalçılıq yolu ilə Azərbaycanın gömrük sərhədindən gizli keçirib.
Ayaz Mirzəyev adları istintaqa məlum olmayan bir qrup şəxsdən əldə etdiyi 2165 qram tiryək və 219,972 qram heroini Azərbaycan ərazisinə keçirərkən sərhədçilər tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə ittiham edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ayaz Mirzəyev 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Baş prokurorluq apelyasiya protesti verərək təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.
Prokurorluğun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Ceyhun Əliyev bildirib ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilməli, Ayaz Mirzəyev təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir: “Cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla, fərdin təqsirli kimi törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan, birinci instansiya məhkəməsinin Ayaz Mirzəyev barəsində cəza tətbiqi ilə əlaqədar mövqeyi düzgün deyil. Ayaz Mirzəyevə cəza təyin edilərkən yalnız onun cəzasını yüngülləşdirən hallar nəzərə alınıb. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi kənarda qalıb”.
Dövlət ittihamçısı çıxışının sonunda Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, Ayaz Mirzəyevə ittiham olunduğu maddələr üzrə daha ağır cəza verilməsini istəyib.
Məhkəmədə ifadə verən Ayaz Mirzəyev ittiham üzrə özünü qismən təqsirli bilib. O, İrandan narkotik gətirməsinə peşman olduğunu, cəzasının daha da yüngülləşdirilməsini istəyib.
Tərəfləri dinləyən hakim heyəti sonda prokurorluğun protesti, təmin edib və Ayaz Mirzəyevin cəzası 10 ilə qədər artırılıb.
Hacı Zeynalov