Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisi Tural Mustafayevi intihar həddinə çatdırmaqda, mənimsəmədə, vergidən yayınmaqda və digər cinayətlərdə ittiham olunan “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın barəsində başlanan cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçən prosesdə Xədicə İsmayılın cinayət işi üzrə sənədlər elan edilib. Xədicə İsmayıl bildirib ki, Tural Mustafayev iki ildir ki, psixi xəstəlikdən əziyyət çəkir. O, Tural Mustafayev barəsində təyin edilmiş psixoloji ekspertizanın rəyinin elan edilməsini istəyib.
Hakimlər cinayət işində olan ekspert rəylərini elan ediblər. Həmin rəyə görə, iş tapa bilməməsi, nişanlısı Rövşanə Rəhimli ilə münasibətlərinin pozulması, şəxsiyyəti ilə bağlı gəzən söz-söhbətlər, eyni zamanda Xədicə İsmayılın təsiri nəticəsində Tural Mustafayevin vəziyyəti gərginləşib, buna görə də intihara cəhd göstərib. Başqa bir rəydə göstərilir ki, Tural Mustafayevdə psixi xəstəlik müəyyən edilməyib.
Xədicə İsmayılın vəkilləri "Azadlıq" radiosunun Bakı bürosunda aparılan səyyar yoxlamalar zamanı aralıq aktı tərtib edən Bakı Şəhər Vergilər İdarəsini əməkdaşları Elçin Əliyevlə İmran Nurməmmədov, həmçinin həmin akta rəy verən Ədliyyə Nazirliyinin Tibbi Ekspertizası İdarəsinin əməkdaşlarının əlavə şahid qismində məhkəməyə çağırılmasını istəyib. Həmçinin vəkillər təkrar mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət veriblər. Vəsatət qismən təmin edilib.
Elçin Əliyelə İmran Nurməmmədovun əlavə şahid qismində dindirilməsi təmin olunub. Digər vəsatətlər təmin olunmayıb.
Hacı Zeynalov