Bu gün Xəzər Rayon Məhkəməsində dələduzluqda ittiham olunan Rauf Sultanovun məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Tərlan Əkbərovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə şahid qismində olan şəxsin iştirakı təmin olunmayıb. Onun Azərbaycan hüdudlarından kənarda, Rusiyada yaşadığı məlum olub. Şahid məhkəməyə ünvanlandığı məktubunda bildirib ki, təqsirləndirilən şəxs Rauf Sultanovu tanımır və onunla hər hansı bir əlaqəsi yoxdur.
Daha sonra Rauf Sultanov zərərçəkmiş Naidə Manafovanın məhkəmədə iştirak etmədiyini xatırladıb və bildirib ki, zərərçəkmişin məhkəmədə iştirak etməsi təmin edilsin: “Zərərçəkmişdə məhkəmədə iştirak etməkdən imtina edir. Çünki ortalıqda cinayət tərkibi yoxdur. Mənimlə bağlı olan imzalarda saxtalaşdırılıb”.
Məhkəmə iclası avqustun 28-də davam etdiriləcək.
Qeyd edək ki, Rauf Sultanov Bakı şəhər sakini Naidə Manafovadan 3500 manat borc pul alıb. Borc sahibi isə 15 gün sonra Nəsimi Rayon Polis İdarəsinə şikayət edib. Onun şikayəti əsasında Rauf Sultanova Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaq dövründə Rauf Sultanov zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyib. Anadangəlmə epilepsiya xəstəsi olan, 1-ci qrup əlil Rauf Sultanov mobil telefonların alqı-satqısı ilə məşğul olduğunu, ilkin dindirmə zamanı xəstəliyi ilə əlaqədar borcunu gecikdirdiyini deyib.
Qeyd edək ki, Rauf Sultanov 2012-ci ildə Təhsil Nazirliyinin qarşısında keçirilən aksiya zamanı polisə müqavimət göstərib və Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham olunub. Həmin ittiham üzrə o, cəzasını Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində çəkir.
Hacı Zeynalov