29 May 2014 16:21
2 504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Emin Səfərov və Münasib Xəlilovun məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, 2013-cü il, yanvarın 29-da Nərimanov rayonu, Faiq Yusifov küçəsində qanlı cinayət hadisəsi baş verib. Həmin küçədə yerləşən “Günəş” saunasının yaxınlığında düşən kütləvi davada iki qardaş - 38 yaşlı Vüqar Orucov və 35 yaşlı Bəxtiyar Orucov bıçaqlanıblar. Vüqar Orucov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib, qardaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Dəmir satışı ilə məşğul olan Bəxtiyar və Vüqar Orucov qardaşları satdıqları malın pulunu götürməyə gəliblər. “Günəş” saunasının qarşısında dayanıb söhbət edəndə qətli törədən onlara eyvanın altında dayanmalarını irad tutub. O, sonradan aşağı düşüb və mübahisə böyüyüb. Həmin şəxs az sonra gedib, bir neçə nəfərlə yenidən qayıdıb və bıçaqla qardaşlara zərbələr endirib.

Nərimanov rayon Polis İdarəsi və rayon prokurorluğunun keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində qətlin iştirakçıları Emin Səfərov və Münasib Xəlilov tutulublar.

Emin Səfərov Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq), Münasib Xəlilov isə 120.1-ci (qəsdən adam öldürmə) maddələri ilə ittiham ediliblər.

Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Münasib Xəlilov 15 ilvə Emin Səfərov 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hacı Zeynalov


Müəllif: