Sumqayıt Apelyasiya Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirli bilinən Yusif Quliyev, Sədrəddin Zeynalov və Zəfər Feyziyevin cinayət işi üzrə proses başa çatıb.
İttihama görə, Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat tədbiri nəticəsində Yusif Quliyev, Zəfər Feyziyev və Sədrəddin Zeynalov saxlanıblar. Onlar qabaqcadan əlbir olaraq İran İslam Respublikası ərazisində satış məqsədilə qanunsuz əldə etdikləri külli miqdarda narkotik vasitəni Azərbaycanın gömrük sərhədindən nəzarətdən kənar keçirməklə ölkəyə gətiriblər.
Müəyyən edilib ki, Yusif Quliyev 2011-ci ilin sonlarında İrana gedib və hazırda şəxsiyyəti istintaqla araşdırılan İranın İmayət adlı vətəndaşı ilə görüşüb, ona satmaq məqsədi ilə 2 kiloqram heroin sifariş verib.
Bundan sonra iranlı İmayət külli miqdarda narkotik vasitəni qaçaq yolla Azərbaycan ərazisinə keçirərək qrupun digər üzvü Zəfər Feyziyevə çatdırıb. Yusif Quliyevlə Sədrəddin Zeynalov Abşeron rayonunun Aşağı Güzdək kəndinin yaxınlığında Zəfər Feyziyevdən narkotik alarkən cinayət başında yaxalanıblar.
Keçirilmiş baxış zamanı qrupa məxsus təxminən 2 kiloqram heroin aşkar olunaraq götürülüb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə ittiham ediliblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yusif Quliyev 14 il, digər iki şəxs isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan Yusif Quliyev apelyasiya şikayəti verib.
"Müalicə məqsədilə dəfələrlə İrana getmişəm"
Hakim Mübariz Zeynalovun sədrliyi ilə keçən prosesdə Yusif Quliyev bildirib ki, xəstəliyini müalicə etdirmək məqsədilə 28 aprel 2011-ci il tarixdə Təbriz şəhərindəki xəstəxanaya gedib: "Orada növbəyə yazıldığım həkimlər bir ay yarım sonra gəlmək lazım olduğunu dedilər. İranın Ərdəbil şəhərinə gedərək 2011-ci ilin may ayının 3-nə qədər oteldə qalıb, Bakı şəhərinə qayıtdım. Bundan sonra da müalicə olmaq məqsədilə dəfələrlə İrana getmişəm. 2011-ci ilin son aylarında İranın Biləsuvar rayonunun gömrük məntəqəsinin yaxınlığındakı taksi ilə Təbriz şəhərində olan həkimə gedərkən yolda İran vətəndaşı olan Bayram adlı taksi sürücüsü ilə tanış oldum. Bayram söhbət əsnasında həkim tanışının olduğunu və ona baxmağını xahiş edə biləcəyini dedi".
Təqsirləndirilən şəxsin sözlərinə görə, Bayramla birlikdə Təbriz şəhərində yerləşən adını bilmədiyi xəstəxanaya gedib və orada qəbul otağında gözləyib: "Bayram isə hansısa həkimin otağına girib-çıxandan sonra məni qəbula yazdırdığını və ona zəng olunacağını dedi. Həmin gün Bərdəyə qayıtdım.
Azərbaycanda olanda Bayram zəng edərək həkimin qəbuluna düşməyim üçün işləri düzüb-qoşduğunu, əməliyyata 10 min ABŞ dolları xərclənəciyini və həmin məbləği təcili göndərməli olduğumu söylədi. Həmin pulu 2011-ci ilin sonlarında 3 dəfəyə Keşlə bazarının yanındakı Zamin Bankın valyuta dəyişmə məntəqəsi vasitəsilə iranlı Bayrama göndərdim və telefon vasitəsi ilə xəbər elədim. Pulu Bayrama göndərəndən sonra bir neçə dəfə İrana müalicəyə getsəm də, Bayramla görüşə bilmədim".
"Pulumu istədim"
Yusif Quliyev bildirib ki, 2012-ci ilin fevral ayının 10-u ərəfələrində Bayram zəng edərək onu İrana çağırıb: "Fevralın 14-də İranın Biləsuvar rayonunda Bayramla görüşdüm və onun evinə getdik. Fevralın 21-nə kimi onun evində həkimi gözləsəm də, bir nəticə hasil olmadığımdan Bayramla mübahisə etdim və Azərbaycana qayıtdım. Sonra bir neçə dəfə Bayramla telefon əlaqəsi saxlasam da, o, hər dəfə pulu qaytaracağına söz verdi.
Fevralın 26-da yenidən İranın Parsabad şəhərində Bayramla görüşdüm və ondan pulumu tələb etdim. Bu zaman Bayram pul əvəzinə iki qat artıq xeyir qala biləcək narkotik vasitə göndərə biləcəyini dedi. Təkliflə razılaşmayıb pulumu geri istədim. Həmin axşam İmayət adlı iranlı tanışın Germi rayonundakı evində gecələdim. İmayətgildə olarkən Sədrəddin Zeynalovla tanış oldum.
Söhbət əsnasında o, Bayramdan pulu almağıma kömək edəcəyinə söz verdi. Beləliklə, fevralın 27-də Sədrəddin Zeynalovla Astara gömrük məntəqəsindən keçərək Bakı şəhərinə gəldik. Elə həmin gün saat 20.00-da Bakıdan Bərdəyə getdim".
"Pulumu almaq üçün gəldiyimi göstərdim"
Təqsirləndirilən şəxsin sözlərinə görə, martın 3-də Sədrəddinlə əlaqə saxlayaraq pulu nə vaxt qaytaracağını soruşub: "Sədrəddin pulu artıq Bayramdan alaraq İrandan Bakıya yolladıqlarını bildirdi. Bakıya gələrək Sədrəddinlə 8-ci kilometr qəsəbəsində, Xan bağı restoranının yaxınlığında görüşdük. Görüş zamanı Sədrəddin dedi ki, İmayət pulunu göndərib, özüylə danış. İmayətə zəng vurdum, dedi ki, telefon nömrəmi pulu göndərdiyi adama verib, həmin adam Bakıya çatanda mənə zəng vurmalıdır.
Martın 5-də tanımadığım nömrədən zəng gəldi, həmin adam dedi ki, iranlı Bayramdan pul gətirib. Sədrəddinlə birlikdə pulu həmin adamdan almaq üçün getməyə razılaşdıq. Binə ticarət mərkəzinin yanındakı körpünün altına gələrək orada zəng vurmuş şəxslə, yəni digər təqsirləndirilən Zəfər Quliyevlə yenidən zəngləşdik.
Zəfər Quliyevi tanımasam da, hiss etdim ki, Sədrəddin onu yaxşı tanıyır. Görüşə gələn Zəfər Quliyevdən pulu istədim. O, pulun bacısıgildə olduğunu bildirdi. Zəfərlə "07" markalı taksi avtomaşınına əyləşərək Biləcəri qəsəbəsindəki "Bulaq" restoranına gəldik və orada nahar etdik. Birlikdə pulu almaq məqsədi ilə başqa taksi ilə Abşeron rayonunun Piriküşkül qəsəbəsinə gəldik. Orada Zəfərlə Sədrəddin düşüb maşından aralandılar. Mən də taksinin pulunu verərək onu yola saldım.
Sədrəddinlə Zəfər Quliyev piyada əsas yola qayıtmağı məsləhət gördü və özü də tezliklə pulu götürərək qayıdacağını bildirdi. Əsas yola çatanda özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslər yaxınlaşaraq onlarla getməyi təklif etdi. Onlar məni Sədrəddingildən ayrıldığım yerə gətirdilər. Orada təkcə Sədrəddini və içində külli miqdarda narkotik olan göy sellofanı gördüm. Həmin sellofan hal şahidlərinin yanında açıldıqda paltarların altından təxminən iki kiloqrama yaxın narkotik vasitə olan heroinə bənzər maddə aşkar edildi.
Sonra həmin göy sellofan MTN-in əməkdaşları tərəfindən möhürlənərək götürüldü və bu barədə protokol tərtib olundu. Digər iştirakçılar həmin protokolu imzalasalar da, mən imzalamaqdan imtina etdim. Narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak etmədiyimi, hadisə yerinə pulumu almaq üçün gəldiyimi göstərdim".
Həbsxanadan gələn zəng
Digər təqsirləndirilən Sədrəddin Zeynalovun sözlərinə görə, qardaşı Vaqif Zeynalov təxminən 2011-ci ilin dekabr ayında narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə Biləsuvar rayonunda həbs olunub: "2012-ci ilin fevral ayının əvvəllərində qardaşımın tanışı olan Dəyanət adlı şəxs mənə zəng vurdu və Vaqiflə Lənkəranda məhkəmədə görüşəcəyini dedi. Dəyanət Vaqifin mobil nömrəsini verdi. Həmin nömrəyə zəng vuraraq qardaşım Vaqiflə danışdım. Vaqif Yusif adlı tanışının mobil nömrəsini verdi və həmin şəxsə onun adından zəng vurmağı və ona köməklik göstərilməsini tapşırdı. Mən də Yusifə zəng vurdum və Vaqifin dediklərini ona çatdırdım".
Onun sözlərinə görə, 2012-ci ilin fevral ayının 13-də müalicəsi ilə əlaqədar İranın Təbriz şəhərinə gedib və İranda qaldığı müddətdə Germi şəhərində Vaqifin iranlı tanışı Savad adlı şəxslə görüşərək ondan qardaşı Vaqifə olan borcunu istəyib: "Savad bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən firmaya pul göndərəcək, ona çatası pulu da həmin pulla birlikdə göndərəcək".
Sədrəddin Zeynalov pul götürmək məqsədilə Lökbatan dairəsinin yanına getmələri, sonra Biləcəri qəsəbəsindəki "Bulaq" restoranına gəlmələri, sonda isə həbs olunmalarından danışıb.
Məhkəmə digər təqsirləndirilənin də ifadəsini dinləyəndən sonra qərar elan edib. Yusif Quliyevin apelyasiya şikayəti təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Hacı Zeynalov