Bakı Apelyasiya Məhkəməsində İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının tərkibində Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak edənlərin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vilayət Həsənli 14 il, Vasif Hacıyev 14 il, İlkin Babazadə 14 il, Mehman Balakişiyev 14 il, Malik Musayev 13,5 il, Azər Qəmbərov 13,5 il, Vüsal Bayramov 14 il, Samir Həşimov 14 il, Vüqar Dursunəliyev 15 il, Elvin Dursunəliyev 4 il müddətinə azadlıqdan məhrum edilib. Elvin Dursunəliyev tərbiyyə müəsisəsində, digər məhkumlar isə ciddi rejimli cəzaçəkmə müəsisəsində cəza çəkəcək.
Hökmdən Vasif Hacıyev, Malik Musayev və Azər Qəmbərov narazı qalaraq apelyasiya şikayəti veriblər. Onlar apelyasiya məhkəməsinə invanladıqları şikayətdə barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Digər təqsirləndirilən şəxslər hökmdən şikayət verməyiblər.
Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə Vasif Hacıyev və Malik Musayev apelyasiya şikayətlərindən imtina ediblər. Buna görə də hakim kollegiyası ilkin baxış iclasının qərarında onların apelyasiya şikayətlərinin baxılmasına xitam veriblər.
Azər Qəmbərovun isə anket məlumatları, həmçinin apelyasiya şikayətinin dəlilləri müəyyən edilib. Onun şikayəti üzrə məhkəmə prosesi sentyabrın 4-nə təyin edilib.
Qeyd edək ki, apelyasiya şikatyətindən imtina edən Malik Musayev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 2-ci kursunda təhsil alıb. O, təhsilini yarımçıq qoyaraq Suriyaya da gedən cihada qoşulub.
İttihama görə, təqsirləndirilən şəxslər - Vilayət Həsənli, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Malik Musayev, Azər Qəmbərov, Vüsal Bayramov, Samir Həşimov, Elvin Dursunəliyev 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.
Vüqar Dursunəliyev tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb edib. Vüqar Dursunəliyev yetkinlik yaşına çatmayan oğlu, 1998-ci il təvəllüdlü Elvin Dursunəliyev də radikal dini baxışların daha da möhkəmləndirilməsi məqsədi ilə Suriyada fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək arzusu yaradıb. O, Elvini həmin silahlı birləşmələrin tərkibinə qoşulmaqla ağır cinayət törətməsi üçün bütün nəqliyyat xərclərini ödəməklə Suriyaya göndərib. 15 yaşlı Elvin Dursunəliyev də 2013-cü ilin dekabrından 2014-cü ilin aprelinədək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak edib.
Hacı Zeynalov