25 Avqust 2015 14:36
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tahir Kərimli: "YAP tərəfindən müdafiə olunmayan istənilən təşəbbüs ölümə məhkumdur"

"Parlament seçkilərinə iki aydan bir qədər artıq vaxt qalmasına baxmayaraq, bu istiqamətdə kifayət qədər aktivlik yoxdur. Sanki hamı gözləmə mövqeyindədir". Bu fikirləri Teleqraf.com-a açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Ölkədə seçkiqabağı situasiyanı dəyərləndirən partiya sədri qeyd edib ki, 22 ildir, hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası (YAP) getdikcə mövqeyini daha da möhkəmləndirir: "Lap əvvəllər iqtidaryönlü partiyaların alyansı olardı, açığı, indi Yeni Azərbaycan Partiyası ona da ehtiyac duymur və təkbaşına parlamentdə çoxluğu əldə edə bilir. Hakim partiyanın bütün dairələrdən namizəd verib müdafiə etmək imkanları var, çünki böyük resursları formalaşıb. Müxalifət partiyaları özlərini nə qədər müxalif adlandırsa da, YAP-ın güclü təmsilçilərinin olacağı dairədən namizəd verməməyə çalışır. Hər bir partiya YAP-ın deputatlığa namizədlərinin siyahısını gözləyir. Bu da hakim partiyanın güclü olması ilə bağlıdır".

Vəhdət hakim partiyadan dəstək gözləyir

O, rəhbərlik etdiyi partiyanın seçkidə iştirakla bağlı yekun qərar vermədiyini söyləyib: "Düzdür, seçkiyə getmək qərarı partiyanın Baş Məclisinə bağlıdır, amma Siyasi Şura daxilində fikir mübadiləsi aparmışıq. 1995-ci və 2000-ci illərdə keçirilən parlament seçkilərinə 40-dən çox namizədlə qatılmışdıq. Ondan az sayda da namizədlə iştirak etdiyimiz seçki olub, ancaq heç birində uğur qazanmadıq. Ona görə də budəfəki seçkilərdə real namizədlər irəli sürmək niyyətindəyik. Vəhdət Partiyası ölkə Prezidentinin strategiyasını müdafiə edir, ona görə də məsələni açıq şəkildə qoyuruq, Yeni Azərbaycan Partiyasının resursları o qədər böyükdür ki, onun yardımı olmadan seçilmək çətindir, ona görə də qarşılıqlı namizədlərin təbliği, yardımlaşma şəraitində namizəd irəli sürmək istəyirik. Biz gücümüz çatan qədər onlara dəstək olaq, Prezidenti müdafiə edən partiya kimi onlar da bizə dəstək versin. Bu mənada seçkiyə qatılmaq fikrimiz var. Amma yekun rəsmi qərar avqustun sonu veriləcək. Namizəd irəli sürmək adi məsələ deyil. Bunun üçün çox böyük təşkilati və maliyyə resursları lazımdır. Uğurlu namizədlər irəli sürəcəyik. Hələ partiya formasında, yaxud fərdi qaydada qoşulacağımız barədə də fikrimizi dəqiqləşdirməmişik. Budəfəki seçkilərdə keyfiyyətə üstünlük verəcəyik, namizədlərimiz az olacaq".

"İstərdik ki, namizədimiz iqtidaryönlü partiyalar tərəfindən müdafiə olunsun"

T.Kərimli iqtidaryönlü partiyaların birgə blokda seçkiyə qatılmaq ehtimalına da toxunub: "Əvvəlki seçkilərdə, o cümlədən son 5 ildə YAP elə mövqelərə yiyələnib ki, hakimiyyətə yaxın partiyaların hansısa dəstəyinə ehtiyac duymur. Bizimsə YAP-la yaxın məsafədə durmağa ehtiyacımız var. Vəhdət Partiyası ölkə başçısını dəstəkləmək haqqında qərar verəndən etibarən bəyan edib ki, müstəqil şəkildə fəaliyyət göstərəcək. Biz hakim partiyanı dəstəkləyən digər siyasi təşkilatlarla əməkdaşlıq fikrindəyik. Ən azı seçki zamanı iqtidaryönlü partiyalar əməkdaşlıq sazişi imzalaya bilər. Hətta bu şifahi razılaşma olsa belə, müstəqil və bir-birinə yaxın partiyalar əməkdaşlığa getməlidirlər. Təəssüf edirəm ki, iqtidaryönlü partiyalarda belə tendensiya görünmür. İstərdik ki, namizədimiz iqtidaryönlü partiyalar tərəfindən müdafiə olunsun. Bu isə hakim partiyanın koordinatorluğu ilə mümkündür. YAP tərəfindən müdafiə olunmayan istənilən təşəbbüs "ölüm"ə məhkumdur".

"O partiyaların keçmişini unutmamışıq"

O, seçkilərə boykot çağırışlarına da münasibətini bildirib: "Vaxtilə Vəhdət Partiyasının da təmsil olunduğu müxalifət düşərgəsində 27 partiya boykotla bağlı müqavilə bağlamışdı, məhz indi boykot çağırış edənlər özləri müqaviləni pozub seçkiyə getdilər. İndi bu partiyalar seçilmə şanslarının hədsiz zəif olduğunu bilərək seçkinin anti-demokratik keçiriləcəyini bəhanə gətirərək boykot çağırışı edirlər. Axı, biz özlərini radikal adlandıranların bu partiyaların keçmişini unutmamışıq. Boykot çağırışları ilə partiyalar özünü ölkənin siyasi həyatından tamam kənarlaşdırdı. Getdikcə siyasi təşkilatlar, müxalifət ideyaları zəiflədi, insanlar yaşlandı, sıradan çıxdı, heç nə əldə olunmadı. Siz elə doğru-düzgün olsaydınız, elə içi mən qarışıq hamımız yanınızda olardıq. Boykot çağırışları səmimiyyətdən irəli gəlmir. Bu, siyasi ambisiya, marginal maraqlar, əlacsızlıq, sosial bazanı itirib xalqla təmasları qura bilməyib, hədsiz zəifləyib siyasi klublara çevrilməkdən, müxalifətçiliyin yalnız qəzet üzərində edilməsi imkanından başqa resursu olmayan fəaliyyətdən doğur".

"AXCP, Müsavat etibarını itirib"

Müxalifətin durumunu şərh edən T.Kərimli qeyd edib ki, AXCP, Müsavat və digər partiyaların xalq içərisində inamını itirdiyini diqqətə çatdırıb: "İndi onların çağırışına heç kəs səs vermir. Milli Şuraya baxaq, elə adamlar oturub bizi tənqid edir ki, özləri iqtidara uzun müddət qulluq etmiş adamlardır. Onlara kim inanacaq?"

T.Kərimli əlavə edib ki, özünü gözdən salmış, tarixi xəyanətdə bulundurmuş, bu gün elan etdiyi prinsiplərə keçmişdə dönük olmuş insanların səmimiliyi ətrafında heç kəs birləşməz: "Sağlam müxalifət lazımdır. Şəxsi münasibət üzərində deyil, əqidə və ideologiya üzərində qurulan müxalifət təşkilatları yaranmalıdır".

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər