25 Avqust 2015 21:59
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki Apelyasiya Məhkəməsində odlu silah gəzdirməkdə təqsirləndirilən radikal dini qrupun üzvü Mənsur Cumayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İstintaq sənədlərinə görə, 1980-ci il təvəllüdlü Mənsur Cumayev ötən il dekabrın 18-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəki rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. Əməliyyat tədbirləri zamanı onun evinə baxış keçirilib. Oradan 2 "RQD-5" qumbarası, 400 qram trotil şaşka və müxtəlif çaplı 30 patron aşkar edilərək götürülüb.

Mənsur Cumayev Cinayət Məcəlləsinin 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham edilib.

Şəki Rayon Məhkəməsinin hökmü ilə Mənsur Cumayev 4 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Mənsur Cumayevin vəkili Emil Əliyev apelyasiya şikayəti verərək müdafiə etdiyi şəxsin cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Rafail Əliyevin sədrliyi ilə keçən prosesdə Mənsur Cumayev elan olunmuş ittihamla özünü təqsirli bilib. Onun sözlərinə görə, təxminən bir il bundan qabaq yaşadığı küçədə əvvəllərdən tanımadığı bir nəfərlə tanış olub: "Həmin şəxs özünü Ruslan kimi təqdim etdi, ibadətlə məşğul olduğunu bildirdi. Mən də ibadətlə məşğul olduğumu dedim. Söhbət əsnasında Ruslan müəyyən müddətə xaricə gedəcəyini söylədi. Amma konkret olaraq hansı ölkəyə getməsi barədə məlumat vermədi. Özündə olan əmanəti qayıdanadək saxlamağımı xahiş etdi.

Ondan mənə verəcəklərinin nədən ibarət olduğunu soruşdum. Ruslan əmanətin alışqanları ilə birlikdə iki "RQD-5" əl qumbarası, 15 ədəd 5,45 mm kalibrli və 15 ədəd 7,62 mm kalibrli patron, habelə üzərində "Trotilovaya şaşka, 1991-400" yazılmış partlayıcı qurğu olan trotil şaşkasından ibarət olduğunu, döyüş sursatını xaricdən qayıdanda geri götürəcəyini dedi".

"İbadət edən şəxslərə hörmət bəsləmişəm"

Mənsur Cumayevin sözlərinə görə, Ruslanın ibadətlə məşğul olduğunu nəzərə alıb və ondan ziyan gəlməyəcəyini düşünüb: "Buna səbəb özümün də ibadətlə məşğul olmağım və ibadət əhlinə dərin hörmət bəsləməyim olub. Buna görə də Ruslanın dediyi ilə razılaşdım. Razılaşdıqdan sonra Ruslan mənə iki bağlama verdi, orda döyüş sursatı olduğunu bildirdi. Ondan döyüş sursatlarını hansı məqsədlə saxladığını soruşdum. O, xaricdən qayıdandan sonra döyüş sursatlarını polis orqanlarına təhvil verəcəyini bildirdi.

Evə gəldikdə bağlamaları lentlə sarıyaraq özümə məxsus otaqdakı şkafda paltarların arasında gizlətdim. Bu barədə heç kimə heç nə demədim".

Təqsirləndirilən şəxsin bildirdiyinə görə, müəyyən müddət sonra döyüş sursatını hüquq-mühafizə orqanlarına təhvil vermək istəyib: "Lakin özüm təhvil versəm, məni Ruslanla birlikdə qanunsuz hərəkətdə iştirakçı hesab edəcəklərini düşündüm və bu səbəbdən döyüş sursatını Ruslan gələndə özünə qaytarmağı qərara aldım. Dekabrın 18-də, saat 17 radələrində Şəki şəhəri, Axundov prospektində yerləşən mebel mağazasının qarşısında duran zaman bir neçə mülki geyimli şəxs mənə yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etdilər, odlu silah və döyüş sursatı saxlamağım barədə məlumatın daxil olduğunu bildirdilər və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarla məni tanış etdilər".

"Əməlimdən peşmanam"

Mənsur Cumayev polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlib: "Şöbədə mənə Şəki rayonunda fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edildi və istənilən vəkili seçmək hüququm olduğunu bildirildi. Mən Musa Sarıyevi seçdim, polis əməkdaşları onu şöbəyə dəvət etdilər. Bundan sonra məni şəxs qismində saxladılar. Sonra evimə baxış keçirildi və qeyd olunan silah-sursat tapıldı. Əməlimdən peşmanam. Ona görə də apelyasiya şikayətimin i təmin edilməsini və təyin olunmuş cəzanın azaldılmasını xahiş edirəm".

Dövlət ittihamçısı Vidadi Cabbarov təqsirləndirilən şəxsin əməlində cinayətin xarakteri və təhlükəli dərəcəsindən danışıb. O, müdafiə tərəfinin şikayətinin təmin edilməməsini istəyib.

Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin şikayətini təmin etməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər